Bizi sosial şəbəkələrdən izləyin:
Yeni nəsil qatarların köhnə qatarlara nisbətən aşağı sürətlə hərəkət etməsi ilə bağlı şikayətlər var. Fərqli marşrutlarda hər iki tip qatardan istifadə edən sərnişinlər sözügedən sürət fərqinin açıq şəkildə hiss olunduğunu iddia edirlər.
Bəs görəsən, yeni nəsil qatarların maksimal və orta hərəkət sürəti neçə km/saatdır? Köhnə qatarların sürəti ilə müqayisədə fərq nədən ibarətdir? Sürət fərqi mövcuddursa, bunun səbəbi texniki xüsusiyyətlərlə, təhlükəsizlik tələbləri ilə, yoxsa infrastruktur məhdudiyyətləri ilə bağlıdır?
"Bakı Metropoliteni" QSC-dən Oxu.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, hərəkət qrafiki tərtib olunarkən metropoliten xətlərinin buraxıcılıq qabiliyyəti, yolların konstruktiv və texniki quruluşu, habelə sürət hədləri, hərəkət manevrlərinə uyğun texniki imkanlar, qatarların hərəkət təhlükəsizliyini təmin edən sistemlər nəzərə alınır.
Məlumatda vurğulanıb ki, metropoliten xətlərində hərəkət edən hər üç qatar tipinin ( 81-717/714, 81-760B-761B-763B və 81-765B-766B) sürət hədləri və digər texniki parametrləri metropoliten xətlərinin tələblərinə cavab verir:
"Bu səbəbdən bütün qatarların xətlərdə hərəkət imkanları eynidir.
Yeni nəsil qatarların köhnə nəsil qatarlardan əsas fərqi daha rəvan gedişi, daha səssiz-küysüz və hermetik olması, eyni zamanda, həm maşinistlər, həm də sərnişinlər üçün rahatlığıdır".