Məlum olduğu kimi, ötən gün Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzillərin növbəti onlayn satışını keçirib. Alıcılar satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər. Mənzillərin satışı zamanı kütləvi narazılıqlar və iradlar olub.
Xatırladaq ki, bir müddət əvvəl də oxşar problem yaşanmışdı. Həmin zaman Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məsələyə müdaxilə etmişdi. Bir neçə nəfər həbs edilmişdi.
Bəs görəsən, MİDA-nın güzəştli mənzil satışında daha optimal bir yol seçilə bilərmi?
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, MİDA-nın işi insanların sosial problemlərinin ən vacib istiqaməti olan mənzil məsələsini həll etməkdir:
"Təəssüf ki, illərdir bu istiqamətdə narazılıqlar səngimir. Sadə texniki proseduru həyata keçirməkdə həmişə müəyyən problemlər ortaya çıxmağa başlayır. Buna yola vermək olmaz, çünki söhbət bir dövlət agentliyindən gedir.
Xüsusilə də, MİDA müəyyən həssas həyat şərtlərinə malik olan insanlar üçün şərait yaratmalıdır. Güzəştli mənzil almaq istəyən vətəndaşların əksəriyyəti başqa cür imkanı olmadığına görə dövlətin yaratdığı imkandan yararlanmağa çalışırlar. Baş verən problemlər bu etibarı bir qədər zədələyir. Bu, qətiyyən yolverilməz bir adddımdır.
Məncə, bu formada mənzil probleminin həlli də arzuolunan səviyyədə deyil. Pilot layihələr bundan daha əlverişli idi, çünki, vətəndaşların konkret olaraq probleminin həllinə birbaşa kömək edən variantlardan biri idi. O dayandırıldı", - deyə o qeyd edib.
Parlamentari vurğulayıb ki, MİDA tərəfindən inşa edilən mənzillərin keyfiyyət məsələsinə də xüsusi diqqət yetirilməlidir:
"Elə etməliyik ki, dövlətin vətəndaşa nə qədər böyük dəstək verdiyi aydın şəkildə görünsün. Bu, həm də dövlətin vətəndaşlar qarşısında öhdəliyidir.
Ona görə də, texniki nasazlıq məsələsi bu məsələdə bəhanə kimi göstərilə bilməz. Dövlət sizə (MİDA-nı nəzərdə tutur - red.) bir iş həvalə edib. İşi keyfiyyətli formada həyata keçirməlisiniz. Əgər işi görə bilmirsizsə, o zaman bu məsələ ciddi nəzarətə alınmalıdır.
Onların fəaliyyətlərini dəqiq araşdırıb qısa müddətdə aşkara çıxarmaq lazımdır ki, vətəndaşın bu instituta olan etibarı itməsin".