Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Neftçala, İmişli və Tovuz rayonlarında yerləşən ərzaq bazarlarında monitorinqlər keçirib.
Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Qeyd olunur ki, monitorinq zamanı bir sıra nöqsanlar aşkar olunub. Belə ki, bazarlarda balıq məhsullarının açıq havada satışının həyata keçirildiyi, süd və süd məhsullarının satışı sahələrində isə saxlanc və soyuducuların təşkil olunmadığı müəyyən edilib. Bundan başqa, müəyyən olunub ki, bazar daxilində abadlaşdırma işləri aparılmayıb, işçilər sanitar geyimlərlə təmin edilməyiblər, piştaxtalar asan yuyulub-təmizlənə bilən materialdan təşkil olunmayıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib, qanunvericilik çərçivəsində inzibati tədbirlər görülüb.
AQTA-dan bildirilib ki, insanların sağlamlığını riskə atan, qida təhlükəsizliyi tələblərinə əməl etməyən satış subyektləri ilə bağlı nəzarət tədbirləri davam etdiriləcək və sərt tədbirlər görüləcək.