Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında yerləşən və yanğın baş verən binada obyekti olan sahibkar Vüqar Abbasovun binanı idarə edən quruma külli miqdarda borcu varmış.
Moderator.az Yenisabah-a istinadən xəbər verir ki, bunu orada yaşayan jurnalist Heydər Mirzə bildirib.
O, sosial şəbəkə hesabında V.Abbasovun adına tərtib olunmuş maliyyə arayışını paylaşıb.
Sənəddə qeyd olunur ki, Abbasov Vüqar Yusif oğluna məxsus, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında yerləşən obyekt və zirzəmi sahəsi üzrə uzun müddət kommunal ödənişlər edilməyib. Arayışa görə, 2022-ci ilin avqust ayından 2025-ci ilin oktyabrınadək ümumilikdə 39 ay ərzində kommunal xidmətlərə görə 15 741,18 manat borc yığılıb.
MMMC tərəfindən tərtib olunmuş sənəddə göstərilir ki, sahənin ümumi kvadratmetrinə görə hesablanmış aylıq ödəniş 403,62 manat təşkil edib və bu məbləğ ödənilmədən yığılıb.
V.Abbasov sözügedən binada yerləşən LOFT restoranının və “Loft Dent” klinikasının sahibidir.
Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı ölüb.