Sumqayıt Dəmiryol Vağzalı qarşısında yeni yaradılan nəqliyyat mübadilə mərkəzində fəaliyyət göstərən marşrut xətlərinin sırasına daha ikisi əlavə olunub.
Bu barədə Moderator.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, artıq 7 və 9 nömrəli marşrut xətlərində istifadə olunan 26 avtobus nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək.
Buna qədər nəqliyyat qovşağında 5 marşrut xətti üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərirdi.
Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək marşrutların sayının artırılması nəzərdə tutulub.
Nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib. Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar quraşdırılıb. Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.