Köhnə yumurtalar vətəndaşlara yeni adı ilə satılır? - Müəssisədən RƏSMİ CAVAB
Cəmiyyət
171
15:09, Bu gün

Köhnə yumurtalar vətəndaşlara yeni adı ilə satılır? - Müəssisədən RƏSMİ CAVAB

Sosial şəbəkələrdə toyuq yumurtalarının marketlərdə istehsal və qablaşdırma tarixi olmadan satıldığı iddia olunur. Qeyd olunur ki, qablaşdırmanın üzərində tarix üçün xana olsa da, həmin yer boşdur. Vurğulanır ki, belə halda istehsalçı və satıcı yumurtanı istədiyi zamana kimi vitrinə qoyub satışa çıxara bilir.
 
Qeyd olunan məsələ ilə bağlı istehsalçı şirkətlə əlaqə saxladıq.
 
Giləzi Quşçuluq Aqrar Sənaye Kompleksindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yumurtaların hər birinin üzərinə satışa çıxarılmazdan əvvəl lazer şüaları vasitəsilə həmin günün tarixi qeyd olunur:
 
"Son istifadə tarixini isə məhsulu alan şirkət vurmalıdır. Məsələyə onlar cavabdehdir. Yumurta bizim ola bilər, amma tarix və digər məsələlər satışı həyata keçirən şirkətin məsuliyyətindədir. Gün ərzində minlərlə yumurta satırıq. Marketlər isə onu qablaşdıraraq alıcıya təklif edə bilər. Bu zaman tarixi biz necə qeyd edə bilərik? Baxın, lazerlə qeyd olunan tarixə müdaxilə olunduqda hiss olunur. Bu zaman yumurtanın qabığı nazilə bilər. Bundan başqa, mürəkkəblə də saxta tarix yazıla bilər ki, bu da ilk baxışdan hiss olunur", - deyə şirkətdən bildirilib.
 
Məsələ ilə bağlı Oxu.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, yumurtanı alarkən onun üzərində mütləq şəkildə istehsal və son istifadə tarixi yazılmalıdır.
 
O bildirib ki, yumurta quşçuluq və qida mənşəli olduğundan yüksək risk qrupuna daxildir:
 
"Bundan başqa, sözügedən məhsul doğru şəraitdə saxlanılmalıdır. Yüksək temperaturda və hərəkətlilik vəziyyətində saxlanılarsa, insan sağlamlığına ciddi fəsadlar törədə bilər. Həmçinin qablaşdırmanın üzərində quşçuluq müəssisəsinə aid məlumatlar da ətraflı şəkildə qeyd olunmalıdır. Bu baş vermirsə, istehlakçının hüquqları pozulur. Eyni zamanda məhsulun təzəliyinə şübhələr yaranır. Yumurta açıq satılsa belə, alıcı son istifadə tarixini mütləq şəkildə bilməlidir. Məhsulun üzərində çat olarsa və ya qabığı çirklidirsə, onun keyfiyyətində şübhələr yaranır. Yumurtadan alınan məhsul vasitəsilə insan orqanizminə müxtəlif bakteriyalar keçə bilər. Yaxşı olar ki, sözügedən məhsul 0-7 dərəcə arasında saxlanılsın. Bəzən isə 21 gün ərzində 21-22 dərəcə temperaturda yumurtaları saxlamaq mümkündür".
Link kopyalandı!
Son xəbərlər