Bizi sosial şəbəkələrdən izləyin:
Son günlər “Manato” və “Azpulmat” adlı kredit təşkilatları ilə bağlı narahatlıq doğuran hallara dair şikayətlər daxil olur. Məlumata görə, bu şirkətlər müştərilərin telefonlarında saxlanılan kontaktlara daxil olaraq borclu şəxslərin məlumatlarını əldə edir və həmin nömrələrə zəng edirlər. Məqsəd isə borc barədə digər şəxsləri xəbərdar etməkdir.
Bu hadisə bir sıra hüquqi və texniki sualları gündəmə gətirir: Bu fəaliyyət qanuni sayılırmı? Kredit təşkilatlarının müştərinin telefon kontaktlarına çıxış üçün icazəsi varmı? Və ən önəmlisi, məsələnin kibertəhlükəsizlik riski nə qədərdir?
Hüquqşünas Əli Məmmədov NOCOMMENT.az -a bildirib ki, müştərinin telefon kontaktlarına icazəsiz daxil olmaq və borc haqqında məlumatları yaymaq Azərbaycan qanunvericiliyinə ziddir:
“Müştərinin şəxsi məlumatları qorunur və kredit təşkilatları yalnız qanunla müəyyən edilmiş hallarda və yalnız müştərinin yazılı razılığı ilə bu məlumatlara çıxış əldə edə bilər. Əgər şirkətlər müştərinin məlumatlarını icazəsiz əldə edib yayırsa, bu həm mülki, həm də cinayət məsuliyyətinə səbəb ola bilər. Həmçinin, şəxsi məlumatların yayılması üçün cərimələr və müvafiq hüquqi sanksiyalar nəzərdə tutulub”.
Kibertəhlükəsizlik mütəxəssisi Leyla Quliyeva NOCOMMENT.az-a bildirib ki, müştərinin telefonuna icazəsiz daxil olmaq ciddi təhlükəsizlik problemi yaradır:
“Bu cür fəaliyyətlər təkcə şəxsi məlumatların pozulması ilə nəticələnmir, həm də müştəri sistemlərinin virus və digər kiberhücumlara qarşı müdafiəsini zəiflədə bilər. Şirkətlər yalnız xüsusi icazə ilə və qanuni proqram təminatı vasitəsilə borc məlumatlarını idarə etməlidirlər. İcazəsiz giriş həm məlumat təhlükəsizliyi, həm də kibertəhlükəsizlik baxımından ciddi risk yaradır”.
Ekspert qeyd edib ki, borc xatırlatma üçün telefon kontaktlarına icazəsiz daxil olmaq həm qanunsuzdur, həm də kibertəhlükəsizlik baxımından risklidir:
“Müştərilər öz məlumatlarının qorunması üçün kredit təşkilatları ilə əlaqə saxlamalı və hüquqi yollardan məlumatların qanunsuz istifadəsinə qarşı tədbir görməlidirlər.”