Cəmiyyət
111
13:34, Bu gün

"mygov" platformasından istifadə edən vətəndaşların sayı iki milyonu ötüb

Ölkənin əsas rəqəmsal hökumət platforması olan "mygov"da istifadəçilərin sayı iki milyon nəfəri ötüb. 2025-ci il ərzində həm veb, həm də mobil tətbiq üzərindən platformaya qoşulan vətəndaşların sayında əhəmiyyətli artım müşahidə olunub.
 
Moderator.az xəbər verir ki, cari ildə platformadan bir milyondan çox vətəndaş qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən, davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən yararlanan aktiv istifadəçilərin sayı 800 min nəfərdir.
 
Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur.
 
Cari il ərzində ən çox istifadə olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi məlumatları, iş yeri məlumatları, ailə tərkibi, sürücülük vəsiqəsi məlumatları və nikah haqqında məlumatlar yer alıb. Bu istiqamətdə istifadənin əsasını QR paylaşımı və sənədyükləmə funksiyaları təşkil edib. Hazırda platformada 69 rəqəmsal sənəd və məlumat təqdim olunur. 2025-ci ildə vətəndaşlar tərəfindən bu rəqəmsal məlumatlardan istifadə sayı keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq təxminən 2.2 milyon təşkil edib.
 
Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər arasında məhkumluq haqqında arayış, mobil cihazların qeydiyyatı, ailə üzvləri haqqında arayış, subaylıq haqqında arayış və nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə xidmətləri üstünlük təşkil edir. Platformada 37 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Cari ildə bu xidmətlərə müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 mindən çox olub.
 
"mygov" platformasında istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda "mygov ID" funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı yaradır. Bundan əlavə, "İcazələrin idarə edilməsi" funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha da istifadəçiyönümlü, təhlükəsiz və rahat edib. Eyni zamanda yeni istifadəyə verilmiş dövlət qurumlarına məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal xidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb.
 
Hal-hazırda "mygov" tətbiqi vasitəsilə vətəndaşlar məhkumluq haqqında arayış, ailə tərkibi və ailə vəziyyəti, təhsil və hərbi xidmət məlumatları, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc və səhiyyə məlumatları, iş yerindən arayış, əmək müqavilələrinin imzalanması, işğaldan azad edilmiş ərazilərə səfər üçün icazələr, bank kartları ilə ödəniş imkanları və digər rəqəmsal xidmətlərdən faydalana bilirlər. Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən həyat hadisələri üzrə xidmətlər - nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə olunması platforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatan olub.
 
Platformanın imkanlarının genişləndirilməsi və istifadə rahatlığının artırılması fonunda bu artım dinamikasının növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.
Link kopyalandı!
Son xəbərlər