Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın ilk mərhələsi keçirilib
Cəmiyyət
105
15:30, Bu gün

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın ilk mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23 noyabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

Bu barədə Moderator.az-a DİM-dən bildirilib.

İmtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 54 nəzarətçi, 8 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Tapşırıqların 30-u qapalı, 10-u açıq tiplidir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahanda ümumilikdə 783 nəfər iştirak edib.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olublar.

Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 5 həftədən sonra elan olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər