Zəfərimiz qürur mənbəyimizdir
Cəmiyyət
210
17:01, Bu gün

Zəfərimiz qürur mənbəyimizdir

Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində tarixi qəlbənin 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd etməkdədir. Torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsinə nail olduğumuz bu müharibənin hər günü hər bir azərbaycanlı üçün müqəddəsdir. Çünki bu ölüm-qalım savaşı Vətən torpaqlarının, qədim yurd yerlərimizin, dədə-baba ocaqlarımızın düşmən tapdağından xilası, milli şərəf və ləyaqətin bərpası uğrunda aparılırdı. Ona görə 8 Noyabr Zəfərinin milli tariximizdə, Azərbaycan xalqının qan yaddaşında xüsusi və əbədi yeri var. Bu tarixi qələbə ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun qələmə aldığı və yaxın günlərdə geniş ictimaiyyətə təqdim olunacaq “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı da 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin müstəsna əhəmiyyətinə və Azərbaycan tarixindəki xüsusi, həlledici yerinə həsr olunmuşdur.

Kitabda Ermənistanın 1988-ci ildən etibarən Azərbaycana qarşı ərazi iddiaları ilə başlatdığı Qarabağ münaqişəsinin, 37 illik dövrdə baş verən hadisələrin mahiyyəti, siyasi mənzərəsi faktlarla açılmışdır. 1988-ci ildən başlayaraq M.Qorbaçov və SSRİ rəhbərliyi timsalında ermənilərin separatçı hərakatına və az sonra təcavüzkarlığına göz yumulması, əslində, rəvac verilməsi onların Qarabağa yiyələnmək istəklərinin reallaşdırmasına stimul yaratmışdı. Öz havadarlarının köməyindən maksimum yaralanan Ermənistan 1992-1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsində “Dağlıq Qarabağı” və ətraf 7 rayonu işğal etmiş, daha sonra isə Azərbaycanın həmin ərazilərində ikinci erməni dövləti yaratmaqğa ciddi cəhd göstərmişdir.

Ermənilərin bu niyyətlərinin, Azərbaycanın yeni ərazilərini işğal etmək planlarının qarşısı yalnız Ümummulli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə alınmışdır. Böyük dövlət adamının səyləri nəticəsində qısa müddətdə bu hücumların qarşısı alındı, hətta işğal olunmuş bəzi ərazilər və Horadiz qəsəbəsi düşmən tapdağından azad olundu. Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycan torpaqlarının işğaldan tamamilə qurtarılması uğrunda aparılan genişmiqyaslı işlərin də əsası məhz Ulu Öndərin hakimiyyətə gəlməsinin ilk ilində qoyulmuşdur. Həmin vaxtdan başlanaraq, ölkə daxilində sabitliyə, qanunçuluğun möhkəmləndirilməsinə, iqtisadi inkişafa və nizami ordu quruculuğuna nail olunması üçün ardıcıl tədbirlər görüldü. Ermənistanla atəşkəsin imzalanması ilə vaxt əldə edilməsi və beynəlxalq hüquqi sənədlərin, xüsusi ilə BMT-nin 4 qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilməsinin ən mötəbər kürsülərdən səsləndirilməsi, digər nüfuzlu təşkilatlarda tarixi sənədlərin və Azərbaycanın mövqeyinin qəbul etdirilməsi də məhz işğalın sona çatdırılmasına yaradılan zəmin idi. Ancaq qarşı tərəf münaqişənin dinc yolla həllinə tərəfdar olmadığı üçün bunlar istənilən nəticəni vermirdi.

Müəllif xronoloji ardıcıllıqla və təhlil süzgəcindən keçirməklə hadisələrin sonrakı inkişafını da göstərir. Oxucuya Nikol Paşinyanın və komandasının timsalında Ermənistanın tez-tez təxribatlara yol verməsi, bütün vasitələrlə status-kvonu saxlamaq cəhdləri, hətta Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətləri ilə bağlı faktlar və düzgün dəyərləndirmələr təqdim olunur. Müəllif Azərbaycanın bütün bunlara soyuqqanlılıqla yanaşmaqla müasir ordu quruculuğu prosesini uğurla davam etdirməsini, ordunun ən yeni texniki vasitələrlə təmin olunmasını, beynəlxalq səviyyədə məharətli siyasət nəticəsində təcavüzkara qarşı müvafiq tədbirlər görülməsinin qaçılmazlığının qəbul etdirilməsini xüsusi vurğulayır. Təcavüzkarın layiqli cavabını almasının lazım gəldiyini təsdiqləyən sonuncu hadisələrdən biri 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücumu oldu. Bundan qısa müddət keçmiş 2020-ci il 27 sentyabr tarixində Ermənistan növbəti dəfə genişmiqyaslı təxribat törədərək mülki və hərbi obyektləri atəşə tutdu. Bu, artıq Azərbaycanın səbrini daşıran, təcavüzkarın layiqincə cəzalandırılmasını qaçılmaz edən son damla oldu. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Heç kimin gözləmədiyi bir sürətlə Azərbaycan əraziləri düşməndən təmizlənməyə başlandı. Qəhrəman əsgər və zabitlərimizin görünməmiş şücayəti, fenomenal döyüş strategiyası və taktikası ilə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları 30 illik erməni işğalından azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi döyüş əməliyyatları düşməni tamamilə sarsıtdı, Ermənistan ordusu minlərcə itki verməklə səngərlərdən qaçmağa başladı, fərarilik geniş miqyas aldı.

Cəbhədə qazanılan qələbələrlə paralel Azərbaycan Prezidentinin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr Qarabağın işğaldan azad edilməsinin Azərbaycanın beynəlxalq hüquqla tanınan danılmaz haqqı olduğunu birmənalı ifadə etməklə, təcavüzkarı dəstəkləmək cəhdlərinin  və niyyətlərinin qarşısını aldı. Bu müsahibələrin dünyanın ən aparıcı medialarına verilməklə necə böyük bir auditoriyanı əhatə etməsi də hərtərəfli düşünülmüş və uğurla reallaşdırılmış bir taktika və strategiya idi. Sahədə və masada əldə etdiyi inanılmaz qələbələri ilə dünyanı heyrətə salan İlham Əliyev taktikası və strategiyası.

Kitaba həmin müsahibələrin hansı beynəlxalq media qurumlarına və hansı tarixdə verildiyi, mövzuları barədə məlumatlar da daxil edilib. 

Müəllif Azərbaycan Ordusunun 8 noyabrda strateji əhəmiyyətə malik Şuşa şəhərini azad etməsini, hərb tarixinə düşən bu döyüşün müharibənin taleyini həll etdiyini, Ermənistanın kapitulyasiyasına səbəb olduğunu vurğulayır və 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatı Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirir. Çünki məğlubiyyətini qəbul edən Ermənistan qısa müddətdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atılmadan Azərbaycana təhvil verdi.

Müəllif müharibə zamanı Azərbaycana həqiqi və mnəvi dəstək göstərmiş Türkiyə, Pakistan və İsrail dövlətlərinin adını çəkir, müasir PUA-lardan və digər texniki vasitələrdən geniş istifadə olunmasını da xüsusi məmnunluqla qeyd edir.

Kitabda 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycanın bütün Qarabağ üzərində suverenliyinin bərpa edildiyi, hazırda azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı da qeyd olunur və bütün bunlarda Azərbaycan xalqını səfərbər etməyi bacaran möhtərəm Prezidentin liderlik qabiliyyətinin mühüm rol oynadığı vurğulanır.

Müəllifin Vətən müharibəsindəki qələbə ilə bağlı bəzi fikirləri, əsasən, ümumiləşdirici mülahizələri diqqəti xüsusi cəlb edir. O yazır: “44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin tarixində, onun gələcək taleyinin müəyyən edilməsində həlledici rol oynadı. Vətən müharibəsində əldə edilən qələbə sayəsində Azərbaycan sadəcə işğaldakı torpaqlarını azad etmədi, həm də bir dövlət və xalq olaraq növbəti dəfə tarix qarşısında özünü təsdiq etdi. Azərbaycan Silahlı Qüvvələri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi bu böyük qələbə ilə sübut etdi ki, ordumuz öz xalqını, dövlətinin ərazi bütövlüyünü qorumağa qadirdir. Təbii ki, 44 günlük Vətən müharibəsindəki qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də ölkəmizlə bağlı ciddi yeniliklərə yol açdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan, sadəcə, iqtisadi gücünə görə deyil, həm də hərbi gücünə görə regionun lider dövlətidir və Cənubi Qafqazın gələcək taleyi əsaslı dərəcədə Azərbaycandan, onun mövqeyindən və yürütdüyü siyasətdən asılıdır. 8 Noyabr zəfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırdı”.

Kitabda Azərbaycan Ordusunun müharibənin davam etdiyi 44 gün ərzində göstərdiyi peşəkarlığı, qəhrəmanlığı yüksək qiymətləndirir və bunun hərb tariximizin şanlı səhifələrini tşkil etdiyini iftixar hissi ilə oxucuya çatdırır. Cümhuriyyətimizin yadigarı olan milli ordumuzun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev və sonrakı mərhlədə bu yolu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə inkişaf etdirildiyi, dünyanın ən güclü orduları sırasına çıxarıldığından qürur duyan müəllif ordu quruculuğunun bu gün də əzmlə davam etdirildiyini qeyd edir. Onu da bildirir ki, hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunur və ordu NATO standartlarına yaxınlaşdırılmışdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almaqdadır. Müasir ordu modeli çərçivəsində Komando briqadaları, Xüsusi Təyinatlı Qüvvələr, pilotsuz uçuş aparatları ilə təchiz olunmuş bölmələr yaradılmış, döyüş hazırlığı və texnoloji üstünlük təmin edilmişdir.

Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı ilə ölkə səviyyəsində bir daha tarixləşdirilməsi və təntənə ilə qeyd olunduğu da kitabda əksini tapmış və bu qürurverici hadisə barədə geniş məlumat çatdırılmışdır.

Əlbəttə, böyük Zəfərin əldə olunması Azərbaycan Silahlı Qüvvələrinin əsas tərkib hissəsi olan Azərbaycan Ordusu ilə yanaşı, onun hər bir bölməsinin şücayətinin, peşəkarlığının nəticəsidir. Bu baxımdam Azərbacan təhlükəsizlik orqanlarının qələbəyə verdiyi töhfələr xüsusi əhəmiyyət kəsb edir və müəllif bu barədəki fikirlərini konkret faktlara istinadla açıqlayır. Üç fəsildən ibarət olan kitabın 2-ci fəslində yer alan “DTX ordumuzla birlikdə təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir” və “DTX-nın antiterror əməliyyatı” adlı yazılarda təhlükəsizlik orqanılarnın 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı mübarizədə həyata keçirdiyi uğurlu fəaliyyətdən, böyük fədakarlıqlardan bəhs olunur. Müəllif bildirir ki, müharibə dönəmində düşmənə qarşı hərb meydanında qəhrəmancasına mübarizə aparan xüsusi xidmət orqanlarımızın əməkdaşları, düşmənin, eləcə də onun havadarlarının ölkə daxilində terror və təxribat törətmək planlarının da qarşısını qətiyyətlə aldılar. Təsadüfi deyil ki, nə 44 günlük Vətən müharibəsi ərzində, nə də postmüharibə dönəmində ölkəmizdə bir dəfə də olsun terror aktı baş vermədi, sabitliyin hərtərəfli qorunub saxlanılmasına nail olundu. DTX digər hüquq-mühafizə orqanları ilə birlikdə, bütün təhdid və təhlükələrin qarşısını hazırlıq mərhələsində almaqla düşmən qüvvələrinə əl-qol açmağa imkan vermədi. Bu, bir daha xüsusi xidmət orqanlarımızn peşəkarlığından, onun mövcud situasiyanı və əməliyyat şəraitini tam şəkildə nəzarətdə saxlamağa qadir olduğundan xəbər verir. 2024 və 2025-ci ilərdə “Global Terrorism Index” hesabatlarında Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer alması da bunun bir daha təsdiqi oldu. Azərbaycan antiterror reytinqində Norveç, Finlandiya, Yaponiya, Cənubi Koreya, Latviya, Litva və sair kimi ölkələri də qabaqlamağa müvəffəq olmuşdur. Bütün bunlar Azərbaycanda təhlükəsizlik amilinə necə böyük önəm verildiyinin, Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan etibarlı təhlükəsizlik sisteminin uğurlu olduğunun göstəricisidir. Müəllif haqlı olaraq, ölkədə və onun hüdudlarından kənarda Azərbaycanın təhlükəsizliyinin qorunmasında Xarici Kəşfiyyat Xidmətinin rolunu da xüsusi vurğulamışdır.

Kitabın basilica məziyyətlərindən biri şanlı Zəfərdən ötən beş il ərzində onun tarixi və praktik əhəmiyyətinin geniş ictimaiyyət arasında təbliği, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinin hərtərəfli əhatə olunması, Ermənistanla sülhün əldə edilməsi üçün göstərilən ardıcıl səylər, iki və çoxtərəfli danışıqların nəticlərinin təhli edilməsi ilə bağlıdır. Bu mənada kitabda yer alan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Bakı ilə yanaşı, ölkənin Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Şəki və digər böyük şəhər və regionlarında “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır”, “Zəfərdən zəfərə gedən yol”,  “Azərbaycan: müharibənin qalibi, sülhün müəllifi” devizi altında keçirdiyi silsilə tədbirlər, Dərbənd şəhərində Dağıstan və Azərbaycan veteranlarının birgə forumu xüsusi qeyd olunmalıdır. Həmçinin 2025-ci ilin 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşününü keçirilməsi, həmin il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Cənubi Qafqazın tarixində yeni səhifə açan beş saatlıq görüş, bir ay sonra, avqustun 8-də baş tutmuş üçtərəfli Vaşinqton Görüşü, yenə həmin il sentyabrın 25-də Prezidentin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı, sülhün əldə olunması naminə keçirilən digər yüksək səviyyəli tədbir və görüşlərdə əldə edilən nəticələr kitabda geniş yer almışdır.

Kitabı vərəqlədikcə əmin olursan ki, müharibədə olduğu kimi, sülh prosesində də Azərbaycan mövqeyi ardıcıl və qətidir. Yeri gəlmişkən, vaxtı ilə xalqımıza qarşı ağır, qanlı cinayət əməlləri törətmiş erməni separatçılarının bu gün Bakı Hərbi Məhkəməsində, dünyanın gözü qarşısında cavab vermələri və öz cinayətlərini etiraf etmələri də göstərir ki, Azərbaycan dövləti güclüdür, onun Prezidenti isə milli maraqların qorunmasında həmişə olduğu kimi dönməz və qətiyyətlidir.

Bəli, xalqımız tarixə əbədi həkk olinmuş 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünü qürur və iftixar hissi ilə qeyd edir. Bu Zəfərlə tarixin axarı dəyişdi, xalqın qürur kitabına yeni, silinməz və şərəfli səhifələr yazıldı. Bu əbədi səhifələrin baş qəhrəmanları olan şəhidlərimz heç zaman unudulmayacaq, daim xatırlanacaq, hər bir azərbaycanlının and yeri olacaqlar.  Müəllifin qeyd etdiyi kimi, “44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir nəfər kimi öz dövlətinin, öz Prezidentinin yanında yer almış, “dəmir yumrğ”a çevrilmişdir”. Azərbaycan əsgəri çətin relyefli, strateji əhəmiyyətli Şuşa şəhərinin yüngül atıcı silahlar və yalın əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidliyi ilə heyrətləndirmişdir. Ən başlıcası, bu gün azad torpaqlarda, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı qürurla dalğalanır və əbədi dalğalanacaqdır.

Bir daha qürurla vurğulayırıq ki, şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi bu Zəfərin əbədi əsaslarıdır. Bu sütunlar üzərində yüksələn Zəfər abidəsi isə yalnız bugünkü nəsli deyil, gələcək nəsilləri də ruhlandıracaq. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun 3 fəsildən və ön sözdən ibarət olan yeni kitabının əsas missiyası da budur, Vətəni, öz dövlətini sevmək, onun uğrunda hər cür fədakarlığa hazır olmaq. İnamla demək olar, müəllif bu missiyanın öhdəsindən layiqincə gəlib.

Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Ağalar Abbasov

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər