Son illər Xəzər dənizində müşahidə olunan su səviyyəsinin enməsi regionun ekosisteminə və iqtisadiyyatına mənfi təsir göstərir. Bu kontekstdə Xəzər dənizinin taleyi ciddi suallar doğurur.
Moderator.az xəbər verir ki, ekoloq Çingiz İsmayılov Teleqraf-a açıqlamasında bildirib ki, Xəzər dənizində suyun azalmasının əsas səbəbləri havanın quraq keçməsi, qloibal iqlim dəyişikliyi, digər tərəfdən Xəzər dənizinə daxil olan suların həcminin azalmasıdır:
“Xəzər dənizinin səviyyəsi mütəmadi olaraq dəyişikliyə məruz qalır. Dövrü olaraq 35-50 il ərzində suyun səviyyəsi enib-qalxır. Bu, daimi təkrarolunan prosesdir, enmə prosesi müşahidə olunsa da sonrakı dövrdə suyun səviyyəsi qalxacaq. Suyun enməsini ləngitmək təbii ki, su balansından asılıdır.
Xəzər dənizinə 130 dan çox çay daxil olur, bunun 80 faizi Volqa çayına tökülür. Bilirik ki, son illər Volqa çayının sahillərində kənd təsərrüfatı daha da inkişaf edib, çaydan götürülən suların həcmi artıb, həmçinin su anbarları yaradılıb. Ona görə də dənizə daxil olan suyun həcmi azalıb. Volqa çayı Xəzərdə suyun azalmasında, səviyyənin aşağı düşməsində həlledici rolu oynayır".
Ekspert Xəzərin səviyyəsinin indiki enişinin müvəqqəti olacağına ümid edir:
“Görünür, yaxın bir neçə il ərzində səviyyənin düşməsi davam edəcək, su təxminən üç metrə qədər enə bilər. Hesab edirəm ki, bu, dövrü olduğu üçün qalxma prosesi də olacaq".
Çingiz İsmayılovun sözlərinə görə, dövlətlərarası monitorinqlər qrupu yaradılmalı, Xəzər dənizində ekoloji monitorinqlər aparılmalı, hər çaydan daxil olan suların həcmi hesablanmalıdır: "Fikrimcə, acınacaqlı vəziyyətin qarşısını Xəzəryanı dövlətlərin birgə səyi ilə almaq olar”.
Çingiz İsmayılov qeyd edib ki, Xəzər sahili limanların fəaliyyəti suyun səviyyəsi ilə birbaşa bağlıdır:
“Suyun səviyyəsi düşdükcə, limanın sahil hissəsində dərinlik azalır. Deməli, ağıryüklü gəmilər sahilə yaxınlaşa bilmir. Buna görə gəmilər təxminən 15-20 faiz yüklənir ki, limana yaxınlaşa bilsinlər.
İkinci vacib məsələ turizmdir, çimərlik zonası sahildən uzaqlaşdıqca burdakı servis xidməti yenidən qurulmalıdır.
Digər məsələ, dənizə kanalzasiya sistemi ilə tullantılar axıdılır, buna görə də axıdılan boruların yenidən qurulması tələb olunur. Xəzərdə suyun aşağı düşməsi turizm, nəqliyyat, balıqçılıq, neft hasilatı kimi sahələrə mənfi təsir göstərir”.