Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 36 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mahir Hikmət oğlu Salehova məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mal qonşuluğu prinsipinə və məhsulların saxlanma şəraitinə əməl olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi, hazırlanan kremlərin üzərində etiket məlumatlarının (hazırlanma tarixi, saxlama müddəti, şəraiti və s.) qeyd olunmadığı, divar, döşəmə və tavanın tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə olduğu, emal sahəsinin həşəratlarla çirkləndiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal olunan şirniyyatlardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb.