BSU-nun rektoru Varşava Universitetində mühazirə ilə çıxış edib
Cəmiyyət
473
18:22, Bu gün

BSU-nun rektoru Varşava Universitetində mühazirə ilə çıxış edib

Noyabrın 14-də Bakı Slavyan Universitetinin (BSU) “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planı çərçivəsində universitetin rektoru Anar Nağıyev Varşava Universitetində tələbələr qarşısında “Dəyişən geosiyasi reallıqlar şəraitində Azərbaycanın regional liderliyi” mövzusunda mühazirə ilə çıxış edib. 

BSU-nun rektoru Anar Nağıyev mühazirəsini Zəfər Günü,Konstitusiyamızın 30 illiyi və Polşanın Müstəqillik Günü kimi əlamətdar tarixlərin önəmini vurğulamaqla başlayıb.

Rektor çıxışı zamanı Azərbaycanın coğrafi mövqeyinin nəzəri əsasları, regional liderlik rolu və etibarlı tərəfdaş kimi mövqeyi barədə danışıb. Prezident İlham Əliyevin coğrafiyanın dövlət inkişafında həlledici roluna dair fikirlərinə istinad edən Anar Nağıyev Azərbaycanın Orta Dəhlizin mərkəzində yerləşərək qitələrarası körpü funksiyasını yerinə yetirdiyini qeyd edib.

Tarixi prosesləri – Gülüstan və Türkmənçay müqavilələrini, 1918-ci il Cümhuriyyətini və 1991-ci il müstəqillik dövrünü xatırladan rektor Ulu Öndər Heydər Əliyevin ölkəni parçalanmadan xilas edən rolu barədə danışıb.

Çıxışında Hartland, Rimland, yeni dünya nizamı, sivilizasiyaların toqquşması kimi əsas geosiyasi nəzəriyyələr təhlil olunub, Azərbaycanın bu nəzəri çərçivələrdə tutduğu mövqe izah edilib. Rektor həmçinin dövlətlərin coğrafiyası və qonşuluq siyasətinin inkişafda yaratdığı fərqləri müxtəlif nümunələrlə müqayisə edib.

Anar Nağıyev Azərbaycanın enerji layihələri, nəqliyyat dəhlizləri və İpək Yolunun mərkəzində yerləşməsi sayəsində qlobal əhəmiyyət daşıyan tərəfdaşa çevrildiyini vurğulayıb. Vətən müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar, sülhün Cənubi Qafqaz və Türk dövlətləri üçün yaratdığı imkanlar da xüsusi qeyd olunub.

Rektor Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu – Qoşulmama Hərəkatına sədrliyi, COP29 və Qlobal Bakı Forumlarının keçirilməsinin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqının (Aİ) 9 ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə önəm verdiyini bildirib.

Prezident İlham Əliyevin 19 iyul 2025-ci ildə Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışına istinad edən rektor coğrafi mövqeyi üstünlüyə çevirməyin əhəmiyyətini vurğulayıb.

Sonda rektor tələbələrin suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər