Gələn ildən Bakıda kütləvi söküntülər dayanır – Köhnə mənzillər ucuzlaşacaq
Cəmiyyət
199
14:47, Bu gün

Gələn ildən Bakıda kütləvi söküntülər dayanır – Köhnə mənzillər ucuzlaşacaq

Bakı şəhərində kütləvi söküntü işlərinin dayandırılması ilə bağlı iddialar yayılıb.
 
Bu iddianın qaynağı isə 2026-cı ilin dövlət büdcəsindən paytaxtda söküntü və köçürülmə üçün vəsaitin ayrılmaması göstərilir.
 
Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün "Sovetski" adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub.
 
Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və Təzə Pir məscidinin alt hissəsini əhatə edəcək.
 
Bundan başqa, 2026-cı ildə Bakının Sabunçu rayonu ərazisində iki ədəd iki mərtəbəli, Nizami rayonunda isə iki ədəd 5 mərtəbəli binanın söküntüsü planlaşdırılır. Orada yaşayan sakinlərə də kompensasiya ödəniləcək.
 
Bəs, Bakıda söküntü işlərinə dövlət vəsaitinin ayrılmaması əmlak bazarına necə təsir edəcək?
 
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Milli.az-a açıqlamasında bildirib ki, dövlətin kütləvi söküntü layihələrini maliyyələşdirməməsi yeni tikinti üçün geniş ərazilərin yaxın illərdə boşaldılmayacağını göstərir. Bu, həm yeni layihələrin ləngiməsinə, həm də əmlak bazarında təklif-tələb balansının dəyişməsinə səbəb ola bilər:
 
"Özəl şirkətlər vasitəsilə söküntü aparmaq hüquqi baxımdan mümkündür, lakin bu proses daha mürəkkəb razılıq və planlaşma tələbləri ilə üzləşir. Köhnə binaların sökülmə ehtimalının zəifləməsi isə bu mənzillərin risk statusunu qismən azaldır. Neçə illərdir "mənzil söküləcək-sökülməyəcək" kimi qeyri-müəyyənlik yaşayan alıcılar üçün indi vəziyyət daha sabit görünə bilər. Bu, müəyyən hissədə marağın qorunmasına səbəb ola bilər".
 
Akif Nəsirli qeyd edib ki, söküntü gecikdikcə bazarda mənzil təklifi azalacaq və bu, köhnə binalar da daxil olmaqla yaşayış fondunun qiymətlərində artım tendensiyası yarada bilər.
 
Eyni zamanda ekspert nəzərə çatdırıb ki, texniki cəhətdən köhnə binaların istismar müddəti, lift və kommunikasiya problemləri, təmir xərclərinin yüksəkliyi alıcıların bir qismini uzaq saxlayacaq. Maraq yenə də əsasən daha münasib qiymət axtaranlar tərəfindən formalaşacaq:
 
"Söküntü dayandıqda inşaatçılar üçün boş torpaq tapmaq daha da çətinləşir. Bu, yeni layihələrin sayını azalda və bazarda yeni tikililərin bahalaşmasına səbəb ola bilər. Mərkəzi və yaxud yaxşı infrastruktur olan ərazilərdə söküntü vasitəsilə yeni tikinti planları dayananda, həmin zonalarda qiymət artımı daha sürətli ola bilər. Çünki təklif minimuma enir".
 
Söküntü altında olan ərazilərdə əvvəllər yaranmış köçürmə gözləntiləri kirayə bazarında dalğalanma yaratdığını söyləyən iqtisadçı vurğulayıb ki, indi stabil vəziyyət yarandığı üçün köhnə binalarda kirayə qiymətlərinin də bir müddət sabitləşməsi mümkündür
 
Ekspert əlavə edib ki, söküntü prosesinin qeyri-müəyyənləşməsi investorların davranışına ciddi təsir göstərə bilər. Uzunmüddətli investisiyalar daha riskli görünə bilər, bəziləri bazarı müşahidə edəcək, digərləri isə bəzi köhnə mənzilləri fürsət kimi qiymətləndirə bilər.
 
"Ümumilikdə, bazarda ehtiyatlı və gözləmə mövqeyi güclənəcək. Köhnə mənzillərə maraq tamamilə azalmayacaq. Əksinə, yeni tikililərin təklifi azaldıqca köhnə fond daha cəlbedici alternativə çevrilə bilər. Qeyri-müəyyənliyin azalması köhnə binalarda yaşayanlar üçün psixoloji rahatlıq yaradır, lakin texniki risklər və təmir problemləri hələ də ciddi faktordur. Bu baxımdan köhnə binalara maraq daha çox segmentləşəcək: münasib qiymət axtaranlar üçün cəlbedici, müasir şərait axtaranlar üçün isə ikinci seçim olaraq qalacaq".- deyə Akif Nəsirli fikrini yekunlaşdırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər