Son illərin araşdırmaları göstərir ki, Azərbaycan kitab oxuma göstəricilərinə görə bir çox ölkələrdən geridə qalır. Müasir texnologiyaların, sosial medianın və sürətli həyat tərzinin təsiri ilə oxu vərdişləri zəifləməkdədir.
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, kitaba marağın azalması müəyyən dərəcədə obyektiv səbəblərlə bağlıdır:
“İndiki məqamda internet, onlayn kitab daha populyardır. Yeni nəsil gənclər daha çox onlayn variantdan istifadə edirlər. Sovet sistemi qapalı rejim olduğundan bədii ədəbiyyat ön plana çıxırdı. O zaman ölkəmizdə həm kitab oxuyanlar, həm də kitab mağazaları çox idi. Siyasi-iqtisadi sistemin dəyişməsindən sonra narazılıq edirdilər ki, paytaxtda və bölgələrdə kitab mağazaları yoxdur. Bu narahatlıqlardan sonra dövlət və özəl qurumlar xeyli iş gördü. Hazırda ölkəmizdə bir çox kitab mağazaları fəaliyyət göstərir, kitab sərgiləri, yarmarkaları təşkil olunur. Amma təbii ki, bu, qane olacaq səviyyədə deyil, arzulayırıq ki, daha çox kitab oxunsun, gənclərin kitaba meyili artsın. Çox kitab oxumaq gənclərimizin nitqinin formalaşmasına kömək göstərir. Ona görə gənclərimizə tövsiyəm budur ki, mütaliəyə maraq göstərsinlər, dilimizin zənginliklərindən, ədəbiyyatımızın gözləriklərindən agah olsunlar”.
"Qanun" nəşriyatının baş direktoru Şahbaz Xuduoğlu hesab edir ki, ən çox kitab oxuyan ölkələr siyahısında həmişə geridə olmuşuq:
“Diqqət eləsək görərik ki, kitab oxumağa daha çox gənclər həvəs göstərir, amma onların da sayı çox deyil. İndiki dövrdə kim düzgün istiqamətdə irəliləyib uğur əldə etmək istəyirsə, həyatının çox hissəsini kitaba, özünü inkişafa bağlamalıdır. İnsanlar daha çox onların dünyagörüşünün formalaşmasına kömək edəcək maraqlı kitablara üstünlük verməlidirlər”.
Yazıçı Qismət Rüstəmov vurğulayıb ki, mədəni proses ölkəboyu getmir:
“Az qala, bütün sənət qurumlarını, kitab evlərini yığmışıq bir küçəyə, o baş-bu başa gedib özümüzü aldadırıq. Kitab, qəzet, jurnal tırajı qalxmayınca, mədəni proses mərkəzdən kənara çıxmayınca, oxucunun sayını dəqiq bilməyəcəyik, yalnız ümumi ehtimallardan danışacağıq. İndi sovet dövründən də min dəfə yaxşı kitablar yazılır, min dəfə daha zövqlü oxucular var, sadəcə bizim onlarla kitab vasitəsilə danışmaq imkanımızı yaradan mexanizmləri ya qura bilmirlər, ya da istəmirlər. Hər ikisi ola bilər”.
Yazıçı, şair Aqşin Yenisey də mövzu ilə bağlı öz fikrini bildirib:
“Mədəniyyətimiz hazırda təəssüf ki, geriləyib. Köşklərdəki kitablar sanki toz içində aylarla əl dəyməmiş kimi qalıb, heç üzünə də baxan yoxdur. Sovet dövrünün gəncləri hər yeni çıxan kitabı həvəslə, maraqla alıb oxuyardılar. Amma bu zəmanənin gəncləri heç kitablara yaxın getmirlər. Kitab mədəniyyətdir, kitab insanın dürüst, təmiz, bədii formada danışmasına imkan yaradır. İndiki gənclər isə yalnız mobil telefonlar, noutbuk və kompüterlə onlayn kitab oxuyurlar. Kanallarımız əyləncələr yerinə elm, bilik, kitab verlişlərinə yer versələr çox gözəl olar”.