Yaraları sağaldaq… - Psixoloq Nuranə Şahin
Cəmiyyət
201
14:35, Bu gün

Yaraları sağaldaq… - Psixoloq Nuranə Şahin

Bu gün böyük fəxr ilə Zəfər Bayramını qeyd etdiyimiz bir dövrdə hər kəsin fikrinə bu qələbəni bizə qazandıran əsgər və zabitlər gəlir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu qələbə Azərbaycan əsgərlərinin qanı,canı hesabına əldə edilmişdir. Əsgərlərimizin  rəşadəti, dözümlülüyü, vətənpərvərliyi və psixoloji hazırlığı qələbənin əsas amillərindən biridir. Bununla belə müharibənin dəhşətləri, döyüş anları, yaxın yoldaşlarının əsgərin yanında yaralanması və bəzən həlak olması, qələbə əzmi və ölüm qorxusu onların gələcək həyatına, psixoloji durumuna və mənəvi keyfiyyətlərinə ciddi təsir göstərir. Bu isə onların dinc dövrdə adi həyata adaptasiyasına problemlər yaradır.

Tədqiqatlar göstərir ki, döyüş əməliyyatlarında fəal iştirak etmiş əsgər və zabitlər müxtəlif psixi zərbələr alır. Bu isə onların sağlamlığına və əmək fəaliyyətinə öz təsirini göstərir. Müharibədə döyüşlərdə iştirak etmiş əsgərlərə, onların ailələrinə, xüsusi ilə ağır fiziki və psixoloji zərbələr almış qazilərə və onların ailə üzvləri, şəhid ailələrinə xüsusi diqqət və qayğı bu kateqoriyadan olan insanların həyatının yüngülləşməsinə, cəmiyyətə asan inteqrasiyasına kömək edir. Belə şəxslər dövlət orqanları, bələdiyyələr və ictimaiyyət tərəfindən qayğı ilə əhatə olunmalı, onlar psixoloqlarla sıx təmasda olmalıdırlar. 

Azərbaycan dövləti qazilərin və döyüşlərdə iştirak etmiş əsgərlərin reabilitasiyasına xüsusi önəm verir. Hazırda bu sahədə bir neçə qurum fəaliyyət göstərir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri, Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi sistemində, Dost Mərkəzlərində, ASAN Xidmətlərdə əsgərlərin və zabitlərin psixoloji sağlamlığına xüsusi diqqət verilir, qazilər üçün psixoloji xidmətlər göstərilir. Bir çox QHT və psixoloqlar qazilər üçün pulsuz və ya güzəştli psixoloji yardım proqramları həyata keçirir. 

Bütün bunlar daha çox qazilərin psixoloji reabilitasiyasına yönəlmiş fəaliyyətlərdir. Ancaq bu insanların əhatəsində olan, onlarla sıx təmasda olan, onların qayğısını çəkən insanlar diqqətdən kənarda qalmamalıdırlar. Onlara qəhrəman qazilərimiz ilə davranışın psixoloji əsasları izah edilməli, fərdi fəaliyyət proqramları hazırlanmalıdır. 

Müharibənin yaralarını sağaltmaq üçün ilk növbədə şəhid ailələrinə, qazi yaxınlarına və onları əhatə edən mühitə diqqət artırılmalıdır. 
    
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər