“Təəssüflənirəm ki, Kamil qələbə sevincini yaşamadı, Polad Həşimov şəhid olanda...”- FOTO+ÖZƏL
Cəmiyyət
1295
08:25, Bu gün

“Təəssüflənirəm ki, Kamil qələbə sevincini yaşamadı, Polad Həşimov şəhid olanda...”- FOTO+ÖZƏL

“Zəfərimizdən 5 il ötür. Bu 5 il bizim üçün çox qürurlu, fəxr ediləsi bir gündür. 5 ildir övladım şəhid olub, səsini duymuruq, nəfəsini hiss etmirik. Amma onunla fəxr edirik, qürur duyuruq ki, 30 il həsrətində olduğumuz torpaqları azad etdilər. Bu gün onların sayəsində hamı firavan yaşayır. Düzdür, bizim üçün çox çətindir. Tək bizim üçün yox, ailəsi üçün də çətindir. Amma övladlarının başları dikdir ki, onların ataları vətən uğrunda canlarından keçib. Polad Həşimovun şəhid olma xəbəri ona pis təsir etmişdi. Deyirdim ki, pis olma, qəmli statuslar paylaşma. Deyirdi ki, “o boyda generalımızı itirmişik, ana..”. Hamı onu “sarı komutan” ləqəbi ilə çağırırdı. Kamilin atası da Birinci Qarabağ müharibəsində iştirak edib. O həmişə deyirdi ki, biz müharibədə qalib gələcəyik ki, balalarımız böyüyəndə onlar müharibə görməsin. 30 ildən sonra həmin o balaca Kamil böyüdü, öz canı, qanı ilə torpaqları azad edən qəhrəman vətən övladlarından biri oldu. Kamil ömür boyu hərbi kurslara, xarici ölkələrə gedib və hərbi savadını, biliyini artırıb. Bircə ona təəssüflənirəm ki, Kamil qələbə sevincini yaşamadı”

Bunu Moderator.az-a açıqlamasında XTQ-nin “Qarabağ” ordenli şəhid kapitanı, “Əfsanəvi tabor”-un qrup komandiri Kamil Şirinovun anası Könül Şirinova deyib.

O daha sonra əlavə edib:

“Arzularım çoxdur. Kamilin çox şücayətləri olub. Kamil aprel döyüşlərində də iştirak edib. Buna görə cənab prezidentimiz İlham Əliyevlə görüşüb, ona döyüşdə fərqlənməyə görə medal təqdim edilib. Kamillə sonuncu dəfə 27 sentyabrda danışmışam. Zəng edib dedi ki, “mama, özünü darıxdırma, hər şey yaxşıdır”. Setin olmadığını dedi və bildirdi ki, “burada set olmayacaq, zəng çatmasa narahat olma”. Atasına olduqları yeri dedi. Sonra iki gün ona zəng çatmadı. Gözləyirdik ki, Aprel döyüşlərində olduğu kimi yenə də salamat qayıdacaq. Kamilin ağır yaralandığını dedilər. İnanmadım. Əməliyyat olunmuşdum, özümdə deyildim. Xəbəri eşidəndə halım pisləşdi. Gözümü açanda gördüm ki, həyətimiz insanlarla doludur. Atasına Kamilin şəhid olduğunu demişdilər. Amma o Kamilin həyat yoldaşına deyə bilmədi. Çünki südəmər uşağı var idi. Kamil yaralı yoldaşlarına kömək edərkən onu snayperlə vurmuşdular. İnanmırdım ki, Kamil şəhid olub. Mən bu gün də onun yolunu gözləyirəm. Elə bilirəm ki, təlimdədir, xaricdədir, nə vaxtsa gələcək. Mən o təsəlli ilə yaşayıram” deyə şəhid anası bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər