Şəhidimizin adı Türkiyədə əbədiləşdirildi - FOTO
Cəmiyyət
201
07 Nov 2025 | 23:10

Şəhidimizin adı Türkiyədə əbədiləşdirildi - FOTO

Türkiyənin Ardahan şəhərində 2-ci Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə, azərbaycanlı şəhid Mustafa Kərimovun adı təhsil aldığı Ardahan Universitetinin (ARÜ) konfrans zalına verilib.

Moderator.az xəbər verir ki, Universitetin “Şəhid Mustafa Kərimov adına Konfrans Zalı”nda keçirilən anım tədbiri Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi və şəhidlər xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Tədbirdə çıxış edən ARÜ rektoru Prof. Dr. Öztürk Emiroğlu universitetin məzunu olduqdan sonra Qarabağda şəhid olan Mustafa Kərimovun adının yaşadılmasının bir vəfa borcu olduğunu bildirib:

“Şəhidimiz Kərimovun adı artıq bu fakültənin ürəyində, universitetimizin yaddaşında və gənclərimizin vicdanında yaşamağa davam edəcək. O, biliklə yoğrulmuş bir zehinin vətən sevgisi ilə birləşəndə nələrə qadir ola biləcəyinin ən gözəl nümunəsidir. Bu münasibətlə Türk millətinin və Azərbaycan xalqının birliyini daim diri tutan, bu qardaşlığın təməlini möhkəmləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm.”

Rektor əlavə edib ki, 2-ci Qarabağ Zəfərinin qəhrəmanlarından olan Mustafa Kərimov “Türk şəhid” kimi qəbul edilib və bu səbəbdən Fərman hazırlanıb.

Fərmanın mətnini oxuyaraq şəhidin ailəsinə təqdim edən Emiroğlu vurğulayib ki:

“Övladınız artıq yalnız sizin deyil, həm də Türkiyə Cümhuriyyətinin və Ardahan Universitetinin övladıdır. Başda siz dəyərli ailəsi olmaqla bütün Azərbaycan xalqına başsağlığı diləyirəm.”

Tədbirdə əştərak edən, şəhid atası Mais Kərimov övladının adını əbədiləşdirənlərə təşəkkür edib:

“Biz bir millət, iki dövlət olaraq hər zaman birlikdə olacağıq. Övladımın adının Ardahan Universitetində yaşadılması bizim üçün böyük qürur mənbəyidir. Allah Türkiyə və Azərbaycan qardaşlığını əbədi etsin. Yaşasın Türkiyə və Azərbaycan xalqları.”

Tədbirdə Ardahan valisinin müavini Mehmet Sert, Azərbaycan millət vəkilləri Anar İskəndərov və Şahin İsmayılov, həmçinin Azərbaycanın Qarsdakı baş konsulu Zaim Əliyev, digər rəsmilər, qazilər, şəhid ailələri və tələbələr iştirak ediblər.

Tədbir zamanı duyğulu anlar yaşanıb və İqtisadi və İdarəetmə Fakültəsinin Konfrans Zalının adı rəsmi olaraq “Şəhid Mustafa Kərimov Konfrans Zalı” olaraq dəyişdirilib.

Link kopyalandı!
Son xəbərlər