Mediada yer alan məlumata görə, bugünlərdə FHN şefi Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə villa bağışlaması ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib. Hörmətli nazir ona ünvanlanan suala cavab olaraq media və sosial şəbəkələrdə yer alan bu kimi informasiyaları qeyri-ciddi məlumat kimi dəyərləndirərək deyib:
“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə siz də ciddiyə almayın”.
Şübhəsiz, FHN şefinin Ramiz Mehdiyevlə bağlı sualdan yayınmaması, mövzu ilə bağlı açıq mövqe ifadə etməsi Kəmaləddin Heydərovun mətbuata olan ehtiramı kimi dəyərləndirilə bilər və istənilən halda təqdiredici haldır. Bundan başqa, indiki halda Kəmaləddin Heydərovun Ramiz Mehdiyevə villa bağışlamasını təsdiq edən hər hansı rəsmi sənəd, yaxud hansısa dövlət qurumunun rəsmi rəyi yoxdur. Belə olan halda, cəmiyyətə FHN şefinin sözlərinə inanmaqdan başqa alternativ qalmır.
Lakin bu da bir həqiqətdir ki, Kəmaləddin Heydərov Ramiz Mehdiyevə villa, yaxud hər nəsə bağışlayıbsa da belə, təbii ki, hazırkı situasiyda FHN şefindən bunu təsdiq etməyi gözləmək mənasız olardı. Belə bir etiraf Kəmaləddin Heydərov üçün siyasi intihar anlamına gələrdi.
Bu mənada Kəmaləddin Heydərova Ramiz Mehdiyevlə bağlı ünvanlanan bu sual və hörmətli nazirin bu suala cavabı məşhur ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanındakı bir epizodu yada salır.
Romanda Don Kixot şeytanla qarşılaşır və ondan soruşur: “Bizə hücum edən qarşıdakı bu əsgərlər sənin əsgərlərindir?”. Şeytan “bəli” deyə cavab verir. Don Kixot soruşur: “Axı onlar Allah, Allah deyə bağırır?”. Şeytan deyir: “Bəs nə desinlər? “Şeytan”, “şeytan” desinlər? Təbii ki, Allahla aldatmalıdırlar”.
Təbii ki, biz, bunun FHN şefinin əsl həqiqəti gizlətdiyini iddia etmirik. Sadəcə bildiririk ki, əslində FHN şefinə cavabı öncədən bəlli olan sual ünvanlanıb və Kəmaləddin Heydərov da bu suala verməli olduğu yeganə cavabı verib.
Bəs əslində necədir? FHN şefi həqiqətən də Ramiz Mehdiyevə villa hədiyyə edibmi? Bu suala yalnız aidiyyatı dövlət orqanları rəsmi araşdırmadan sonra cavab verə bilər. Təbii, belə bir araşdırmaya ehtiyac duyarlarsa...