Bizi sosial şəbəkələrdən izləyin:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan dövlət qurumlarının informasiya sistemlərinin daimi monitorinqi nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən 52 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb.
Bu barədə Moderator.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, bu kibertəhdidlərin 31-i daxili araşdırma, 21-si isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.
Cari ilin oktyabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 29 476 141 zərərli keçid, şəbəkə təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 3 493 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanıb.
Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 250 532 sayda zərərli fəaliyyətin qarşısı alınmışdır.
Kiberkəşfiyyat imkanlarından istifadə etməklə oktyabr ayı ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 10 saxta domen aşkarlanaraq bloklanıb.