Cəmiyyət
1003
02 Nov 2025 | 19:12

"Azure Residence"in idarəçiliyində yaranmış qalmaqal böyüyür - Sədrdən AÇIQLAMA

Bakının Xətai rayonunda yerləşən "Yeni Həyat Şirkətlər Qrupu" MMC-yə məxsus "Azure Residence"in binasının sakinləri istilik sisteminin dayandırılmasından və binanın idarəçiliyində yaranmış problemlərdən narazıdırlar.

Daha sonra "Azure Residence"in nümayəndəsi bina sakinlərinin təmsilçisi tərəfindən şirkət haqqında səslənən fikirlərlə bağlı açıqlama verib.

Bina sakinlərinin təmsilçisi qismində isə Davud Məmmədov bu gün Oxu.Az-a verdiyi açıqlamada bildirib ki, iddialar həqiqəti əks etdirmir:

"Xətai-48" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin sədri Davud Məmmədov müraciətində bildirib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən "Azure Residence" yaşayış kompleksinin idarəçiliyi ilə əlaqədar yayılan bəzi məlumatlarda "Xətai-48" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) rəhbəri kimi onun ünvanına səsləndirilən iddialar həqiqəti əks etdirmədiyindən, aşağıdakı dəqiqləşdirmələri ictimaiyyətin diqqətinə çatdırır:

"Güvənli-Servis Management" MMC nümayəndələrinin mənim "məsələləri hüquqi yolla deyil, mətbuat üzərindən həll etməyə çalışdığım" barədə bəyanatı tamamilə əsassızdır.

Məsələ hüquqi müstəvidə həll edilib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə "Güvənli-Servis Management" MMC-nin fəaliyyəti qanunsuz hesab edilib, şirkət bina idarəçiliyindən kənarlaşdırılıb. Bu qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.

Mətbuata müraciət, məhkəmə və icra qərarlarının yerinə yetirilməməsi səbəbindən son çıxış yolu kimi seçilib. Əvvəlki idarəçi şirkət, məhkəmə qərarlarını və icra məmurlarının tələblərini icra etməkdən imtina edib, hətta istilik sistemini dayandırmaqla sakinlərin yaşayış hüquqlarına zərər vurub. Məqsəd təzyiq göstərmək deyil, ictimai və dövlət qurumlarının diqqətini yaranmış vəziyyətə yönəltməkdir".

Sədr qeyd edib ki, "peşə etikası" və "vəkil davranış qaydaları" ilə bağlı səslənən iddialar da reallığa uyğun deyil:

"Mən bu məsələdə "Xətai-48" MMMC-nin sədri və bina sakini qismində çıxış edirəm. Fəaliyyətim vəkil fəaliyyəti deyil, sakinlərin birgə yaratdığı qanuni cəmiyyətin rəhbərliyi çərçivəsində həyata keçirilir. Məqsədim, binanın bütün sakinlərinin qanuni hüquq və maraqlarının qorunmasıdır.

Vəsaitlərin toplanması və şəffaflıq məsələsinə toxunan Davud Məmmədov bildirib ki, şirkət nümayəndələrinin "özbaşınalıqla sakinlərdən vəsait toplanır" iddiası tamamilə əsassızdır:

"Xətai-48" MMMC Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Cəmiyyətin rəsmi VÖEN-i və bank hesabı mövcuddur. Sakinlər ödənişlərini yalnız bu hesaba həyata keçirir və bütün əməliyyatlar rəsmi sənədlərlə təsdiqlənir".

Əvvəlki idarəçi barədə sədr vurğulayıb ki, əksinə, illərlə binanı idarə etmiş "Güvənli-Servis Management" MMC yığılan vəsaitlərin xərclənməsi barədə şəffaf hesabat təqdim etməyib, sakinlərin sorğularını cavabsız qoyub:

"MMMC yaradıldıqdan sonra "Güvənli-Servis Management" MMC bir çox həyati xidmətləri dayandırıb (liftlərin kart sistemləri, resepsiyon və mühafizə xidmətləri və s.). Sakinlərin təhlükəsizliyinin və normal yaşayışının təmin edilməsi üçün "Xətai-48" MMMC tərəfindən ixtisaslaşmış şirkətlərlə rəsmi müqavilələr bağlanıb (lift servisi, mühafizə, mühasibatlıq və s.).

Bu addımlar bina sahibsiz qalmasın və xidmətlərin dayandırılmasının qarşısı alınsın deyə atılıb".

"Qeyri-qanuni ələ keçirmə" barədə səslənən iddialara da toxunan sədr qeyd edib ki, bunlar əsassızdır və məqsədi məhkəmə qərarlarına tabe olmamaq faktını gizlətməkdir:

"Güvənli-Servis Management" MMC-nin hüquqşünası H.Hüseynovanın "sakinlər tərəfindən şirkətə 211 min manat borc yaranıb" bəyanatı da hüquqi və faktiki əsasdan məhrumdur.

Əgər belə borc mövcuddursa, şirkət bunu məhkəmə qaydasında tələb edə bilərdi. Lakin bunu etməməsinin səbəbi - həmin borcun əsassız və sənədlərlə təsdiqlənməməsidir.

Şirkət "xidmətləri dayandırmadığını" iddia etsə də, sakinlər reallıqda lift, mühafizə, resepsiyon və digər xidmətlərin dayandırıldığını təsdiqləyirlər. Bu səbəbdən şirkətin bəyanatı tamamilə yalandır.

"Xətai-48" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti olaraq, biz binanın qanuni idarəçiliyini təmin etməyə, sakinlərin maraqlarını qorumağa, bütün maliyyə və hüquqi sənədləri səlahiyyətli orqanlara təqdim etməyə hazırıq".

Link kopyalandı!
Son xəbərlər