Bizi sosial şəbəkələrdən izləyin:
Aqrar Xidmətlər Agentliyi heyvan xəstəliklərinə qarşı peyvənd vasitələrinin alınmasına 3,1 milyon manatdan çox vəsait xərcləyəcək.
Moderator.az xəbər verir ki, agentlik müvafiq işlərin icrası ilə bağlı iki şirkətlə razılaşıb.
Birinci müqavilə “PLASTPROF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb və 1 milyon 794 min 580 manat dəyərindədir. Müqavilə bruselyoz, quduzluq, donuzların taunu, həmçinin atların rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndlərin alınmasını əhatə edir.
Sözügedən şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır, qanuni təmsilçisi isə Əmirov Elməddin Zahid oğludur.
Digər müqavilə isə qarayara, çiçək və infeksion nodulyar dermatit xəstəliklərinə qarşı peyvəndlərin alınması üçün nəzərdə tutulub. Bu müqavilənin dəyəri isə 1 milyon 408 min 822 manat təşkil edir. Satınalma işi üçün “EPİDBİOMED” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılaşma əldə olunub. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Əliyev Məmməd Əli Sabir oğludur.
Qeyd edək ki, peyvənd vasitələrinin alınması ilə bağlı satınalmanın əvvəlcədən ehtimal olunan ümumi dəyəri 3 milyon 185 min 61 manat olub.