Gəmidə itkin düşən həkimin çalışdığı klinikadan hadisəyə - MÜƏMMALI MÜNASİBƏT
Cəmiyyət
1446
17:30, Bu gün

Gəmidə itkin düşən həkimin çalışdığı klinikadan hadisəyə - MÜƏMMALI MÜNASİBƏT

31 gündür itkin düşmüş “BUE CASPİAN LTD” şirkətinə məxsus “Caspian Protektor” gəmisində həkim işləyən 33 yaşlı Tural Sultanovun yaxınları onun çalışdığı "Leyla Medical Center" ilə bağlı iddialar irəli sürüblər.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Tural Sultanovun əmisi qızı, jurnalist Ağanisə Sultan sosial mediada paylaşım edərək onun itkin düşməzdən bir gün öncə "Leyla Medical Center" ilə danışdığını bildirib.
 
Klinikadan ailə ilə əlaqə saxlanılıb və gəmi sahilə gələndən sonra kamera görüntüləri göstərilib.
 
"Arxadan, çox uzaqdan görüntülər var. Öndən çəkilən görüntüləri istəyəndə, əllərində ancaq bunun olduğu deyilib. O, arxadan gedir, göyərtəyə çıxır, dənizə düşür, üzdüyü yer də görünür, 3 dəqiqə sonra xilasedici qayıqlar suya buraxılır. Deyirlər ki, siz öz övladınızı arxadan, geyimindən tanımırsınız? Bəs niyə öndən, yaxından çəkilmiş kamera görüntüləri yoxdur? Həmin gün orada nə baş verib, Tural niyə klinikaya zəng edib, nə danışıb, sonra nə olub, heç nə bilmirik. Əgər intihar etmək fikrində olubsa (birmənalı şəkildə bunu rədd edirik), nədən dənizdə geyindiyi ayaqqabıları çıxarıb, telefonu da yanına qoyub?”, - o qeyd edib.
 
Məsələ ilə bağlı "Leyla Medical Center" ilə əlaqə saxladıq.
 
Mərkəzin direktor köməkçisi Aysel adlı şəxs bu barədə məlumat verə bilməyəcəyini deyib, dəstəyi asdı. Məsələ ilə bağlı klinikaya rəsmi sorğu ünvanlanıb.
 
Link kopyalandı!
Son xəbərlər