Bakıda 21 yaşlı Kəmalə Əbilovanın ölümü ilə bağlı yeni detallar üzə çıxıb. Gənc qızın oktyabrın 27-də səhər saatlarında yaşadığı çoxmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılaraq dünyasını dəyişdiyi bildirilir.
Moderator.az mİlli.az-a istinadla xəbər verir ki, yaxınları onun təxminən altı ay əvvəl burun əməliyyatı keçirdiyini və bundan sonra səhhətində ciddi dəyişikliklər yarandığını bildiriblər.
Bildirilib ki, bundan sonra qızın vəziyyəti getdikcə pisləşib, son aylarda psixoloji narahatlıqlar müşahidə olunub.
Mərhumun dayısı açıqlamasında bildirib ki, əməliyyat "İstanbul Klinikası"nda cərrah Rəşad Məmmədov tərəfindən aparılıb. Onun sözlərinə görə, əməliyyatdan sonra Kəmalənin beynində travma əlamətləri yaranıb, bir neçə həkimə müraciət edilsə də, nəticə alınmayıb.
Əmisi isə əməliyyatdan sonra Kəmalədə qorxu və təşviş hissinin yarandığını bildirib:
"Adam görəndə qorxurdu, deyirdi üstümə gəlmə. Əməliyyat zamanı bəlkə narkozu çox olub, bəlkə sinirinə toxunublar..."
Hadisə ilə bağlı araşdırma aparılır.
Mütəxəssislər gənc qızın ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin ediblər.