Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bu gün partiyanın qurultayında baş verənlərlə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Dəyərli media mənsubları, hər birinizdən Ana Vətən Partiyasının növbədənkənar IX qurultayı ilə bağlı mətbuatda gedən dezinformasiyalara inanmamağa və əhəmiyyət verməməyi rica edirəm.
Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı. Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır.
Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı.
Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəkdir”.
Qeyd edək ki, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.
Fəzail Ağamalının oğlu Elçin Ağamalının sözlərinə görə, atası bu gün sədrlikdən istefa verib. Öz yerinə də bacısı Günay Ağamalının namizədliyini irəli sürüb. Bundan əlavə partiya sədrliyinə daha iki namizəd olub: “Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs də təsdiq edə bilər”