"Son illərdə arbitraj sahəsi ilə bağlı Vəkillər Kollegiyası tərəfindən bir sıra mühüm işlər görülüb, Kollegiyanın nəzdində biznes sahəsində ixtisaslaşan vəkilləri özündə birləşdirən Biznes Hüququ Komitəsi təsis edilib".
 
                                            
                                            
                                            
                                            
Moderator.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfransında deyib.
 
Sədr bildirib ki, Vəkillər Kollegiyasının təşkilatçılğı ilə arbitraj və alternativ mübahisə həlli üzrə bir sıra təlimlər, seminarlar və beynəlxalq əməkdaşlıq layihələri həyata keçirilir: "Biz Azərbaycan vəkillərinin regional və beynəlxalq arbitraj mübahisələrinin həllində peşəkar tərəfdaş kimi tanınması, ölkəmizin biznes mühitinin daha da inkişafı üçün başda Bakı Arbitraj Mərkəzi olmaqla yerli və beynəlxalq arbitraj mərkəzləri ilə əməkdaşlığı genişləndirməyə, vəkillərin beynəlxalq arbitraj proseslərində təmsilçilik imkanlarını artırmağa xüsusi əhəmiyyət veririk. Açılışını qeyd etdiyimiz Bakı Arbitraj Mərkəzi Azərbaycanın arbitraj infrastrukturu üçün strateji əhəmiyyətə malikdir. Mərkəzin yaradılması ilə ölkəmizdə arbitrajın institusional əsasları daha da möhkəmlənəcək, mübahisələrin ədalətli, şəffaf və müstəqil şəkildə həlli üçün mütərəqqi platforma formalaşacaqdır. Əminliklə demək olar ki, Bakı Arbitraj Mərkəzi yaxın zamanda nəinki Qafqaz və Mərkəzi Asiya regionunun, eyni zamanda bütün dünyanın əsas, aparıcı arbitraj mərkəzlərindən birinə çevriləcək.
 
Mərkəzin fəaliyyəti, şübhəsiz ki, Azərbaycanın beynəlxalq investisiya mühitinə, biznes etimadına və hüquqi nüfuzuna, habelə Azərbaycan Vəkilliyinin inkişafına müsbət təsir göstərəcək".
 
Kollegiya sədrinin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, müasir iqtisadiyyatın və qlobal ticarətin inkişafı məhkəmə sisteminin çevikliyindən və mübahisələrin alternativ həlli mexanizmlərinin səmərəliliyindən birbaşa asılıdır. Bildirib ki, mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitraj xüsusi rola və paya malikdir:
 
"Çünki arbitraj investorlara yaranacaq mübahisələrini öz seçimlərinə əsasən, istədikləri ölkədə, istədikləri qaydalara uyğun olaraq birdəfəlik həll etmək imkanı verir. Bu səbəbdən iqtisadi baxımdan uğurlu siyasət yürüdən dövlətlər öz məhkəmə sistemini təkmilləşdirməklə bərabər, davamlı olaraq ona alternativ yolla da təklif edir, bu istiqamətdə əməli işlər görürlər, yəni, mübahisələrin alternativ həlli sistemini yaradırlar. Bu mənada, Azərbaycan kimi strateji mövqeyə və beynəlxalq əlaqələrə malik bir ölkənin regional arbitraj mərkəzinə çevrilməsi həm tarixi, həm də hüquqi baxımdan tam məntiqlidir".