Türk dövlətləri arasında yeni nizam – Əliyev və Tokayevin Astanadakı mesajı
Cəmiyyət
890
14:32, Bu gün

Türk dövlətləri arasında yeni nizam – Əliyev və Tokayevin Astanadakı mesajı

“Cənab Prezident İlham Əliyevin 20-21 oktyabr tarixlərində Qazaxıstana reallaşdırılan dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı qədər, türk dövlətləri arasında əlaqələrin dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Türk dövləti ilə münasibətlər, yaxınlıq, qardaşlıq dediyimiz zaman əvvəllər sadəcə Türkiyə ilə münasibətlər nəzərdə tutulurdusa, artıq elə bir nizam formalaşır və bu nizam getdikcə elə bərkiyir ki, bu amil Qazaxıstana, Özbəkistana və türkdilli dövlətlərin hər birinə şamil olunur. Türkiyə ilə Azərbaycan arasında olan etimad niyə görə də bu dövlətlərin hər biri ilə ayrı-ayırılıqda olmasın?”
Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, bu baxımdan Qazaxıstanla əlaqələr bu yolda yeni bir model kimi tətbiq oluna bilər:
 
“Bunun artıq əsası qoyulub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi hava limanında şəxsən qarşılayıb, şəxsən yola salması məhz bundan xəbər verir. Bu həm də o deməkdir ki, xarici təhdidlərə, risklərə qarşı mübarizədə birləşmək bacarığımız da, potensial və imkanlarımız da, mütəmadi dialoqumuz da mövcuddur. Bunu sübut edən amili Tokayevin ritorikasında, fikirlərində bir daha görmək olar. O bildirir ki, “Bizim üçün ticarət və iqtisadi əməkdaşlığın inkişafı, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də aktual və çox mühüm vəzifədir”. Deməli, bu mühüm amil siyasi gündəlikdə və masa üzərindədir. Siyasi və iqtisadi agendamızın mərkəzində dayanan məsələlərdən biri Orta dəhlizin-Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafıdır. Sözügedən Dəhliz Çini və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən əsas nəqliyyat və logistika marşrutu kimi regional və qitələrarası ticarətin gücləndirilməsində strateji əhəmiyyətə malikdir. Layihənin əhəmiyyəti hər keçən gün daha da artır. Belə ki, Çindən Azərbaycana daşımaların həcmi artmaqdadır və cari dövrlə müqayisədə bu artımın 2030-cu ilə qədər üç dəfə olacağı proqnozlaşdırılır”.
 
Deputat vurğulayıb ki, Qazaxıstan-Azərbaycan əlaqələrinin uzaq gələcəyə və hədəflərə çatması üçün müştərək vizyon da mövcuddur:
 
“Belə ki, Ali Dövlətlərarası Şuranının ikinci iclası zamanı bildirildi ki, çox uzaqda deyil, yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsinin ikiqat və 1 milyard dollara çatdırılması istiqamətində addımların atılması zəruridir. Burada qarşılıqlı innvestisiyadan, birgə müəssisələrin yaradılmasından da söhbət gedir. Bu isə dövlətlər qədər, cəmiyyətlərin bir-birinə inteqrasiyası deməkdir ki, dayanıqlı əlaqələr də məhz burdan başlayır.
Azərbaycanla Qazaxıstan arasında fəal əməkdaşlıq mühüm geosiyasi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti məhz bu amilin daha möhkəm olması üçün dövlət rəhbərlərinin daim diqqət və cəlb olunmasına ehtiyacın artdığını bildirdi. 
Qasım-Jomart Tokayev nitqində iki dəfə Azərbaycan Liderinin tarixi əhəmiyyətə malik görkəmli dövlət xadimi olduğunu bildirdi və  dövlət başçımızın qlobal siyasi sistemdəki əhəmiyyətini vurğuladı. Azərbaycan Lideri regional gündəliyi formalaşdıran və qlobal siyasətə isə ciddi təsirləri olan Liderdir. Dövlət başçımız hadisə və başlanğıcların bütün səbəb və məqsədlərini ciddi dərk edən, bir o qədər də ciddi hesablamalar aparan siyasət adamıdır. Ermənistana yük tranzitinə işğaldan sonra mövcud olan bütün məhdudiyyətləri aradan qaldıraraq ilk belə tranzit yükü kimi Qazaxıstan taxılının daşınması ilə Azərbaycan göstərdi ki, sülh gündəliyi də artıq praktikaya keçib”.
 
Azər Badamov sonda vurğulayıb ki, dövlət başçımızın Qazaxıstana reallaşdırılan dövlət səfəri adından da məlum olduğu kimi olduqca yüksək səviyyəli səfər olmaqla yanaşı, həm də sıx qrafiklə, çoxsaylı tədbirlərlə, ən əsası isə artıq baş tutan və reallaşdırılması üçün iki dövlət başçısı tərəfindən bazisi yaradılan praktiki məsələlərlə müşayiət oldu. Bunu sübut edən amil səfər zamanı enerji, nəqliyyat və logistika, rəqəmsallaşma və süni intellekt, sənaye təhlükəsizliyi, səhiyyə və statistika, mədəni-humanitar əlaqələr sahələrində 15 əməkdaşlıq sənədinin imzalanmasıdır.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər