Xəbər verildiyi kimi, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Sənəddə maraqlı məqamlardan biri də icbari tibbi sığorta fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır.
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər evrir ki, 2026-cı ildə büdcədən sözügedən istiqamətə 900 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır. Bu il üçün dövlət büdcəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitin məbləği 1 milyard 416 milyon 405 min manat olub.
İcbari tibbi sığorta fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması fondun 2026-cı ildə digər mənbələrdən maliyyələşmə səviyyəsinin artacağından xəbər verir. Ancaq nəzərə alınmalıdır ki, fondun əsas maliyyə mənbəyi dövlət büdcəsidir və bu istiqamətdə əhəmiyyətli səviyyədə azalma digər mənbələr üzrə kəskin artımı labüd edir.
“Tibbi sığorta haqqında” Qanuna görə, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:
- Sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları;
- İcbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər;
- Müştərək maliyyələşmə məbləği;
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada cəlb edilmiş borc;
- Bu Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;
- Digər mənbələr.
Bu mənbələr arasında dövlət büdcəsindən sonra ikinci böyük mənbə işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqlarıdır. Əməkhaqlarının artması icbari tibbi sığorta fonduna bu mənbədən daxilolmaları da artırır. Lakin əvvəlki illərin təcrübəsi onu deməyə əsas verir ki, bu mənbədən daxilolmalar üzrə artım tempi dövlət büdcəsindən daxilolmanın azalmasını kompensasiya edəcək həddə deyil. Məsələn, 2024-cü illə müqayisədə 2025-ci ildə işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqlarının 81 milyon 126 min manat çox olması proqnozlaşdırılıb.
Ümumilikdə, 2025-ci ildə bu mənbədən Fonda cəmi 909 milyon 60 min manatın daxil olması proqnozlaşdırılıb. Bu baxımdan dövlət büdcəsindən ayrılan vəsaitin 516,5 milyon azalmasını işəgötürən və işçinin hesabına kompensasiya etmək onlar üçün nəzərdə tutulan sığorta haqlarını əhəmiyyətli dərəcədə artırmaqla mümkün ola bilər. Lakin hazırda bu ehtimalın reallaşmasına əsas verəcək hər hansı bir məlumat yoxdur.
Ancaq qeyd etmək lazımdır ki, 2026-cı ildə icbari tibbi sığorta fonduna daha bir mənbədən vəsaitin daxil olacağı gözlənilir. Belə ki, “Tibbi sığorta haqqında” Qanuna görə, gələn ildən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə, sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Sözügedən qanuna görə, 2026-ci ildə bu sahədə daha bir yenilik heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərlə bağlı olacaq. Belə ki, növbəti dəfə qanuna dəyişiklik edilməyəcəyi təqdirdə, gələn ildən onlar üçün icbari tibbi sığortanın xidmətlərinin ödənişli olması nəzərdə tutulub. Söhbət ondan gedir ki, 2024-cü ildən bu şəxslər üçün icbari tibbi sığortanın xidmətlərinin ödənişli olması planlaşdırılsa da, sonradan bu müddət ertələnib. Həmin şəxslərin icbari tibbi sığorta haqları dövlət vəsaiti hesabına ödənilir.
Bu baxımdan 2026-cı ildə icbari tibbi sığorta fonduna dövlət büdcəsindən ayırmaların azalmasının səbəbi kimi heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərə görə ödənişin dayandırılması daha real görünür.
Həmin şəxslər üçün illik icbari tibbi sığorta haqqı minimum aylıq əməkhaqqının 48 faizinə bərabədir. Hazırda bu məbləğ 192 manatdır.