AZAL-da texniki problemlər seriyası - Təyyarələrdə nə baş verir?  -VİDEO
Cəmiyyət
317
20 Oct 2025 | 23:30

AZAL-da texniki problemlər seriyası - Təyyarələrdə nə baş verir?  -VİDEO

AZAL-ın Sankt-Peterburq - Bakı marşrutu ilə uçuş həyata keçirən "Airbus A320" tipli təyyarəsində havaya qalxandan bir qədər sonra texniki nasazlıq aşkarlanıb. Şassi mexanizminin işləməməsi səbəbindən ekipaj SOS siqnalı verib və Pulkovo hava limanına qayıtmaq qərarı alıb.

Təyyarə 4 saata yaxın havada dövrə vuraraq yanacağı azaldıb, daha sonra fövqəladə eniş edib. Enmə zamanı təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Bortda 155 sərnişin olub.

Xoşbəxtlikdən xəsarət alan olmayıb. "Panika var idi, dualar, qışqırıqlar eşidilirdi. Amma pilotlar çox peşəkar davrandı, uğurla endik", - deyə sərnişinlərdən biri bildirib.

Hadisə səbəbindən hava limanı qısa müddətlik uçuş və enişləri dayandırıb, lakin zolağın yoxlanmasından sonra fəaliyyət bərpa olunub. AZAL hadisə ilə bağlı araşdırmanın aparıldığını təsdiqləyib. Texniki problemlər təkcə bu reyslə məhdudlaşmayıb. Oktyabrın 19-da Paris-Bakı istiqamətindəki uçuş da təyyarədəki nasazlıq səbəbindən təxirə salınıb.

Bu barədə məlumatı "Baku TV"yə həmin reysin sərnişinləri verib. Uçuş yalnız oktyabrın 20-də həyata keçirilib. Ekspertlər təyyarədə yaranan problemin kiçik texniki nasazlıq olduğunu deyirlər.

"Təyyarədə nasazlıq dedikdə kiçik texniki uyğunsuzluqlar, məsələn, sensor siqnalı, təzyiq fərqi və s. nəzərdə tutulur. Bunlar normal və gözlənilən hallardır. Bir təyyarədə eyni nasazlıq davamlı olaraq təkrarlanırsa, bu artıq struktur, texniki xidmət və menecment səviyyəsində problem hesab edilir", - deyə təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər