Bizi sosial şəbəkələrdən izləyin:
Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Qəzza zolağında elan olunmuş atəşkəs yenidən pozulub. İsrail Müdafiə Ordusu HƏMAS-a məxsus bir neçə hədəfi bombalayıb. Bəs “bitdi” deyilən münaqişə niyə yenidən alovlandı? Trampın sülh planı iflasa uğradı?
Moderator.az-a danışan politoloq Xaqani Cəfərli deyib ki, ABŞ Prezidenti Donald Trampın “Bu nöqtəyə gəlmək üçün 3000 il lazım olub və bu razılaşma davamlı olacaq” deyərək Qəzza zolağında atəşkəslə bağlı Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən imzalanmış sülh sazişinin münaqişəni dayandıra bilməməsi təsadüfi deyil. Onun sözlərinə görə, münaqişənin Trampın dediyi kimi tarixi 3000 min olmasa da, ən azı 1500 ildir:
“Ona görə də onun bir sazişlə bitməsi qeyri-mümkündür. Yaxın Şərq çoğrafiyasındakı münaqişələrin əsas problemi ondan ibarətdir ki, fərqli etnik və dini kimliyə malik xalqlar dinc birgə yaşayış mədəniyyətinə malik deyillər. Belə bir mədəniyyətin, ənənənin olmaması münaqişənin davamlı olmasının əsas səbəbidir. Məsələnin mahiyyəti HƏMAS və ya İslami Cihad kimi təşkilatların mövcudluğu ilə bağlı deyil. HƏMAS-ın silahlarını təhvil verməsi, bütövlükdə ləğvi də məsələnin tam həlli deyil. Çünki, yeni təşkilatların yaranması üçün münbit şəriat var. Qətərin güclü şəkildə yaydığı radikal məzhəbçi fikirlər, antisemitism münaqişəni daha da körükləyir. Qətərin apardığı təbliğatın təsirləri Azərbaycanda hiss olunmağa başlayırsa, o zaman ərəb ölkələrində vəziyyətin nə yerdə olduğunu təsəvvür etmək çətin deyil. Fürsətdən istifadə edərək hüquq-mühafizə orqanlarını bu təhlükəli prosesə qarşı qəti addımlar atmağa çağırıram. Eyni zamanda Yaxın Şərqdə - Qəzza, Fələstin və Suriyada gedən proseslərdən məsafə saxlamaq da Azərbaycanın maraqlarına uyğundur. Yaxın Şərq hələ uzun müddət münaqişə bölgəsi olaraq qalacaq”.
Mehin Mehmanqızı