“Xanım Qafarova can verəndə yoldaşı da yanında idi, hönkürtü ilə ağlayırdı...”
Cəmiyyət
439
10:02, Bu gün

“Xanım Qafarova can verəndə yoldaşı da yanında idi, hönkürtü ilə ağlayırdı...”

“Xanımın hər rolu, hər obrazı üst-üstə düşürdü. Hər kəsi müşahidə edirdi və sonra onu səhnədə tətbiq edirdi. İlk dəfə xanımı yaxından avtobusda görmüşəm. Yadımdadır, o vaxt 30 nömrəli avtobus işləyirdi. Novruz Qartalla birlikdə gəlib oturdular. Tələbə yoldaşım yanımda idi, deyirdi ki, “ay qız, artistlərə bax”. O qədər böyük həsədlə onlara baxırdım ki.. Üstündən bir müddət keçəndən sonra Hacıbaba Bağırov məni Tənqid və Təbliğ teatrına dəvət etdi. Bu teatra daxil olanda məni gülərüz qarşılayan, “xoş gəlmisən” deyən Xanım Qafarova oldu. Heç gözləmirdim ki, o məni belə qarşılayar. Rolunu da mənə verdi. Həmin günü də bizi evə apardı, anası bizim üçün süfrə açdı. Anasını, ailəsini tanıdım”
 
Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrın aktrisası Gülçöhrə Abdullayeva deyib. O daha sonra əlavə edib:
 
“Xanım xəstəliyini bildirmirdi. Çox pozitiv idi. Xəstəliyini biləndə ziyarətə getmişdi. Bizə də söz vermişdi ki, birinci əməliyyatdan sonra bizi də ziyarətə aparacaq. Mən də onu Bakıda 7 pirə apardım. Ziyarətdə ağlaya-ağlaya deyirdi ki, “Ay Allah, mənə möhlət ver ki, balamı heç olmasa özüm məktəbə yola salım”. Onun ağlamağına biz də dözmürdük. Xanım anasına, övladına görə yaşadı. Bu insanda zərrə qədər də paxıllıq yox idi. Həmişə deyirdi ki, “otur filan rola bax”. Deyirdi ki, “bilmək olmaz, bəlkə rollarımı sən oynadın”. Artıq ağır idi. Kimyaterapiyalar ona pis təsir edirdi. “Mən dəyərəm min cavana” tamaşasında istifadə edəcəyimiz paltar və parikləri gedib birlikdə alırdıq. Həm də xanım istəmirdi ki, onu xəstə vəziyyətində kimsə görsün. Müəyyən əməliyyatlar olmuşdu, sarğıları var idi. Başına da parik qoyurdu. Bir dəfə elə oldu ki, əynini dəyişəndə məni qapının arxasında qoydu ki, heç kim qapını açmasın. Nəsə oldu, mən 1-2 dəqiqəlik harasa getdim. Geyim sexində bir qadın var idi. Qapını icazəsiz açıb, ona parik verəndə xanımı həmin vəziyyətdə görmüşdü. Xanım o qədər kompleksə düşdü ki. Mənə dedi ki, “səni ora niyə qoymuşdum ki? Məni elə görməli deyildilər”. Teatr təmirdən çıxandan sonra səhnəyə gəldi. Yalvarırdı ki, “ay Allah, heç olmasa bir dəfə bu səhnədə oynayardım”. Bu ona qismət olmadı. Balasından nigaran idi. Son günündə mərhum millət vəkili Qənirə Paşayeva yanına gəldi. Ümumiyyətlə mütəmaddi gəlib-gedirdilər. Qənirə xanım dedi ki, “narahat olma, övladın mənə əmanətdir”. Bu sözdən sonra gözlərini yumdu. Həyat yoldaşı Aqil də yanında idi. Xanım dünyasını dəyişəndə o qədər hönkürtü ilə ağladı ki.. Dedi ki, “vso, Xanım getdi”. Xanım həyatda yaşamadığı xoşbəxtliyi səhnədə yaşadı. O qarajda yaşamağa layiq deyildi. Səhnənin ən məşhur aktrisalarından biri idi. Xanım deyirdi ki, “mən ölsəm qapıdan mənim cənazəmi çıxara bilməyəcəklər, pəncərədən çıxaracaqlar”. Xanım dünyasını dəyişəndə kameralar qabağında süni görüntü sərgiləyənlər sonradan qeyb oldular. Xanıma jurnalistlər çox dəstək oldu. Hazırda qızı Gövhər anasının arzularını yerinə yetirib. O Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alır” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər