Bir sıra bölgələrdə olduğu kimi, Qaxda da heyvanlar arasında dabaq xəstəliyinin yayılması davam edir.
Rayonun Əmbərçay kənd sakinlərinin sözlərinə görə, xəstəliyə qarşı aparılan tədbirlər nəticəsiz qalıb. "10 baş heyvanım var, hamısı dabaq xəstəliyinə yoluxub. Dərmanlar təsir etmir, bunun çarəsi yoxdur. Qatıqdan, süddən məhrum olmuşuq", - sakinlərdən biri söyləyib.
Digər kənd sakini isə belə deyib: "Burada dabaq xəstəliyi baş alıb gedir. Heyvanlar peyvənd olunmağına baxmayaraq, vəziyyət pisdir. Bu xəstəlik xırdabuynuzlu heyvanlara da keçib, onların ayaqları tutulub".
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, epizodik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qurum tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir.
Ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 25 oktyabr 2025-ci il tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.
Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşandan sonra bazarların fəaliyyəti bərpa olunacaq.
Daha ətraflı Baku TV-nin videomaterialında: