DİN-də vətəndaş müraciətlərinə baxılmasına nəzarət daha da gücləndirilir.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər haqqındakı müzakirədə qeyd edilib.
İclasda bildirilib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Respublikanın 55 şəhər və rayonundan olan 6.279 vətəndaş qəbul edilərək, onların əksəriyyətinin müraciətləri yerində həll olunub. Bununla yanaşı, 80.834 müraciətə baxılaraq təşəbbüskarlara hüquqları izah edilməklə yazılı cavablar verilib.
Qeyd olunub ki, əsas vəzifələrdən biri vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu vurğulayan daxili işlər naziri, ərazi orqanlarının rəislərinə vətəndaş müraciətlərinə bundan sonra da həssaslıqla yanaşmağı, bütün araşdırmaların keyfiyyətlə aparılmasını və qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini tapşırıb.
Həmçinin, bu sahəyə məsuliyyətin daha da artırılmasının vacibliyi xüsusi qeyd edilib.