Zəngilan məktəbliləri peşə liseyində oldular - FOTO
Cəmiyyət
178
19:59, Bu gün

Zəngilan məktəbliləri peşə liseyində oldular - FOTO

Bu gün 26 nəfər Zəngilan məktəblisinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil edilib.

Moderator.az xəbər verir ki, Zəngilan rayon 33 nömrəli tam orta məktəbin şagirdlərinin ekskursiyası “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Peşə öyrən, işsiz qalma!” - Məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində baş tutub.

Ekskursiya zamanı şagirdlər İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik  mühəndisliyi, avtomatlaşdırma, inşaat sahəsində peşələr öyrədilən auditoriya və emalatxanalarda olub, tədris şəraiti ilə əyani tanış ola  biliblər. Ekskursiya müddətində şagirdləri müşayət edən layihə rəhbəri Gülsarə Həsənova və layihə təlimçisi Əsmər Baxışova şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Həyata keçirilən fəaliyyətlə bağlı şagirdlərə məlumat verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunur. Layihənin əsas məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili, peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaq, peşə məktəblərinə getmək istəyən şagirdlərə konsultasiya xidməti göstərməklə onların doğru sənət seçiminə dəstək verməkdir. Layihə çərçivəsində, həmçinin işğaldan azad olunan Şərqi Zəngəzura qayıdacaq rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri peşə təhsilinin əhəmiyyəti,  respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırılır.

G.Həsənova qeyd edib ki, təşkilat daimi olaraq peşə təhsilinə maraq göstərən şagirdlərin peşə seçiminə dəstək verir, onlara konsultasiya xidməti göstərir.

Daha sonra layihə təlimçisi Əsmər Baxışova Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində öyrədilən ixtisaslarla bağlı şagirdlərə məlumat verib.

Qeyd edilib ki, liseydə Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Proqramda  60-70 faiz praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb.

Link kopyalandı!
Son xəbərlər