Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, uzun illər ölkənin siyasi elitasında mühüm rol oynamış Ramiz Mehdiyev həbs edilib.
Moderator.az Ramiz Mehdiyevin dosyesini təqdim edir:
Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakıda anadan olub. O, 1957-ci ildə Bakı Dənizçilik Məktəbini, 1966-cı ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 1968-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin aspiranturasına daxil olub və 1972-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsini müdafiə edib.
Siyasi fəaliyyətinə tələbə gənclər təşkilatlarında başlayan Mehdiyev, 1960-cı illərin sonlarında Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb. 1970-ci illərdə Elmi kommunizm kafedrasında müəllim kimi fəaliyyət göstərib, sonradan Azərbaycan KP MK aparatında müxtəlif vəzifələr tutub.
1978-ci ildə 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilən Mehdiyev, 1980-ci illərdə Elm və təhsil müəssisələri şöbəsinin müdiri, daha sonra isə Təşkilat-partiya işi şöbəsinin rəhbəri olub. O dövrdə Azərbaycanda ateizmin təbliği ilə aktiv şəkildə məşğul olması ilə də tanınıb.
1983-cü ildə Azərbaycan KP MK-nin katibi seçilən Mehdiyev, 1988-ci ildə vəzifəsindən azad edilərək Elmlər Akademiyasına göndərilib. 1980–1990-cı illərdə iki çağırış Ali Sovetin deputatı olub. 1994–1995-ci illərdə Prezidentin İcra Aparatında şöbə müdiri kimi fəaliyyət göstərib.
1995–2019-cu illərdə isə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışan Ramiz Mehdiyev ölkənin siyasi qərarlarının hazırlanmasında və icrasında mühüm fiqurlardan biri hesab olunurdu. 2019-cu ildə bu vəzifədən ayrıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib, lakin 2022-ci ildə istefa verib.
Yeni Azərbaycan Partiyasının uzunillik üzvü olan Mehdiyev, həmçinin Prezident yanında Əfv Məsələləri Komissiyasına rəhbərlik edib və partiyanın İdarə Heyətində təmsil olunub.