Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25000 ədəd müəyyən edilib.
Bu barədə Moderator.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdırlar.
Kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və “Avtomobil nəqliyyatı haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur.
Bildirilib ki, taksi sahəsində islahatların başlanıldığı ötən dövr ərzində mühüm nəticələr əldə olunub. Belə ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanıldı, davamlı nəzarətin qurulması təmin edildi. Taksi fəaliyyəti göstərən sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olundu və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə başladılar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə 'E-taksi' alt sistemi yaradıldı. Bütün taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir.
İslahatların həyata keçirilməsindən əvvəl taksi parkının 62%-nin istismar müddəti 15 ildən artıq olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət oldə olundu və artıq taksi parkının 67%-nin istismar müddəti 8 il təşkil edir. Görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub.
14 oktyabr 2025-ci il tarixinə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34014-dür. Bu avtomobillərin təxminən 55%-i və ya 18825 ədədi son 5 ildə istehsal olunan nəqliyyat vasitələridir.
Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79%-ni təşkil edir.
Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün “rəqəmsal əkiz”). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır.
Bu günədək həyata keçirilən islahatlar özünü doğruldub və mühüm nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək.