Kredit borcu olanların nəzərinə
Cəmiyyət
321
14:20, Bu gün

Kredit borcu olanların nəzərinə

“Kredit kartlarına borclanma limitinin təyin edilməsi əhalinin həddən artıq kreditlə yüklənməsinin qarşısını alacaq və eyni zamanda banklarda riskli kreditlərin verilməsini məhdudlaşdıracaq”.

Moderator.az xəbər verir ki, bu fikirləri Kredit.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın kredit kartı borclarını vətəndaşın xalis rəsmi gəlirinin beş mislinə qədər məhdudlaşdırması həm vətəndaşlar tərəfindən məsuliyyətli borclanma vərdişlərinin formalaşmasına, həm də bankların əlavə və məsuliyyətsiz risklər götürməsinin qarşısının alınmasına xidmət edəcək:

“Bu qərar təbii ki, kredit götürmək imkanlarını müəyyən qədər azaldacaq. Amma eyni zamanda riskləri də aşağı salacaq. Ümumiyyətlə, Mərkəzi Bankın istehlak kreditləşməsi sahəsində siyasətinin əsas məğzini ehtiyatlı kreditləşmə prinsipi təşkil edir. Məqsəd bankların həddən artıq kredit yükü altına düşməməsidir”.

İqtisadçı qeyd edib ki, vətəndaşlar daha çox kredit əldə etmək üçün rəsmi gəlirlərini artırmaq məcburiyyətində qalacaqlar. Aşağı gəlirli şəxslərin yüksək məbləğdə kredit götürməsi onların maliyyə idarəetməsi və sosial vəziyyətinə mənfi təsir göstərir:

“Baxmayaraq ki, banklar bəzən müəyyən risklərə baxmayaraq belə kreditləşmə əməliyyatlarına gedirlər, Mərkəzi Bankın indiki tənzimləyici tədbirləri ilə bu cür riskli kreditləşmə imkanları məhdudlaşacaq”.

Xalid Kərimli əlavə edib ki, bu limit yalnız bir bankla məhdudlaşmayacaq, vətəndaşın bütün banklarda olan kredit kartı borcları ümumi şəkildə nəzərə alınacaq:

“Siz kredit kartı ilə borclanmaya gedəndə bu limit bütün bank kartlarınıza şamil olunacaq. Ümumi borclar, həmçinin “overdraft” borclarının kreditə çevrilmə konversiyası da 40 faiz kimi müəyyən edilir və kredit kartı öhdəlikləri çərçivəsində əlavə olunur”.

İqtisadçı bildirib ki, Mərkəzi Bank vətəndaşların rəsmi gəlirlərindən artıq borclanmasını istəmir, çünki bu, sonradan istehlak kreditləri üzrə problemli kreditlərin artmasına və bankların riskli idarəetməsinə yol aça bilər.

Link kopyalandı!
Son xəbərlər