Cəmiyyət
441
10:09, Bu gün

"Hakimiyyətin heç bir qolu təkbaşına mövcud ola bilməz" - Ramiz Rzayev

"Demokratik cəmiyyətin əsas təməllərindən biri hüquqi dövlətdir. Hüquqi dövlət quruculuğunda isə hakimiyyətlərin bölgüsü prinsipinin həyata keçirilməsi əsas şərtdir. Şarl Monteskye məşhur “Qanunların ruhu” əsərində qeyd etdiyi kimi məhkəmə hakimiyyəti qanunvericilik və icra hakimiyyətlərindən ayrılmadığı təqdirdə heç bir azadlıqdan söz gedə bilməz".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində " Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
 
R. Rzayev qeyd edib ki, müasir konstitusion quruluşun fundamental əsaslarından biri dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına ayrılması təşkil edir: "Bu amil təmərküzləşmənin və hakimiyyətdən sui-istifadənin qarşısını alan, insan və vətəndaş hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratiyanın təminatına xidmət edən zəruri şərtdir. Hakimiyyət bölgüsünü təmin edən əsas element isə hər bir hakimiyyət qolunun malik olduğu səlahiyyətlərdir. Məhz müxtəlif hakimiyyət orqanlarına məxsus səlahiyyətlərin bir-birinə münasibətindən asılı olaraq hakimiyyət bölgüsünün nə dərəcədə düzgün və möhkəm olduğunu müəyyən etmək mümkündür.
 
Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur. Məhkəmələr demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqlarının, cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur. Əlbəttə ki, hakimiyyətin heç bir qolu təkbaşına mövcud ola bilməz, onlar digər qollarla vəhdətdə mövcud olur. Bu vəhdət onların səlahiyyətlərinin bölgüsünü təmin etməklə yanaşı, hakimiyyətin balanslı idarəçiliyinin həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkindirmə və tarazlaşdırma mexanizmi istənilən dövlət hakimiyyəti orqanları tərəfindən sui-istifadəni istisna edir".
 
Link kopyalandı!
Son xəbərlər