Gənclər arasında ən çox bu xəstəliklər yayılır - ARAŞDIRMA
Cəmiyyət
194
16:07, Bu gün

Gənclər arasında ən çox bu xəstəliklər yayılır - ARAŞDIRMA

Dünyada orta ömür müddəti artsa da, gənclər arasında ölüm göstəriciləri yüksəlməkdədir. Bu barədə “The Lancet” jurnalında dərc olunan və Berlin Dünya Səhiyyə Zirvəsində təqdim edilən “Qlobal Xəstəlik Yükü” (GBD) adlı araşdırmada bildirilib.
 
16 min 500 alim tərəfindən aparılan, 300 mindən çox məlumata əsaslanan tədqiqatda qeyd olunur ki, COVID-19 pandemiyasından sonra ömür uzunluğu yenidən artsa da, bəzi bölgələrdə, xüsusilə gənc əhali arasında ölüm halları çoxalıb.
 
Araşdırma qismən “Bill & Melinda Gates” Fondu tərəfindən maliyyələşdirilib. “The Guardian” qəzetinin məlumatına görə, 2023-cü ildə qadınların orta ömür müddəti 76,3 il, kişilərin isə 71,5 il olub. Bu, 1950-ci illə müqayisədə 20 ildən çox artım deməkdir. Lakin alimlər daha zəngin ölkələrdə ömür uzunluğunun 83 ilə çatdığı, Afrikada isə 62 ilə qədər çatdığını bildiriblər.
 
Ümumi ölüm göstəriciləri 204 ölkə üzrə azalsa da, yeniyetmələr və gənc yetkinlər arasında bu meylin əks istiqamətdə olduğu vurğulanıb. Tədqiqatda qeyd olunub ki, Şimali və Latın Amerikanın bəzi bölgələrində ölüm artımının əsas səbəbləri arasında narkotik asılılığı və intihar hallarının çoxalması dayanır.
 
Afrikada aparılan yeni modelləşdirmələr göstərib ki, 1950-ci ildən bəri 5-14 yaş arası uşaqlar arasında ölüm halları əvvəlki hesablamalardan daha yüksəkdir. Əsas səbəblər kimi yoluxucu xəstəliklər və qəzalara işarə edilib. 15-29 yaş arası qadınlarda ölüm nisbətinin isə əvvəlki təxminlərdən 61 faiz daha çox olduğu müəyyən olunub. Bu artımın səbəbləri arasında hamiləlik fəsadları, yol qəzaları və meningit göstərilir.
 
“Amref Health Africa” təşkilatının baş direktoru Qithinji Qitahi bildirib ki, Afrikada əhalinin 60 faizi 25 yaşdan aşağı olsa da, zəif səhiyyə sistemləri bu potensialı itirməyə səbəb olur:
 
“Malyariya, QİÇS və vərəm kimi xəstəliklər, natamam müalicələr və peyvənd boşluqları minlərlə gəncin həyatına son qoyur”.
 
Araşdırma göstərib ki, xroniki xəstəliklər artıq qlobal sağlamlıq problemlərinin üçdə ikisini təşkil edir. Psixi sağlamlıq pozuntuları isə kəskin şəkildə artıb. Alimlərin hesablamalarına əsasən, dünya üzrə xəstəlik yükünün yarısı yüksək təzyiq, hava çirkliliyi, siqaret və artıq çəki kimi qarşısı alına bilən səbəblərlə bağlıdır. Mütəxəssislər araşdırmanı “oyanış çağırışı” adlandıraraq, hökumətləri və səhiyyə qurumlarını gənclər arasında artan ölüm hallarına qarşı təcili və strateji addımlar atmağa çağırıblar. /Sfera.az/
 
Link kopyalandı!
Son xəbərlər