“Düşənbədə cənab Prezident İlham Əliyevlə Prezident Vladimir Putin arasında baş tutan təkbətək görüş, regional siyasət üçün diqqətçəkən hadisə olmaqla yanaşı, Azərbaycanın milli maraqları baxımından da mühüm əhəmiyyət daşıyır. Bu görüş MDB sammiti çərçivəsində keçirilsə də, onun əsas ağırlıq mərkəzi Azərbaycan–Rusiya münasibətlərinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlmişdi”.
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Polad Mehdiyev deyib.
Siyasi şərhçi qeyd edib ki, bu, AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra iki lider arasında keçirilən ilk təmasdır:
“Belə bir fonda görüşün baş tutması Azərbaycanın diplomatik çevikliyinin və Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. Bu addım, Azərbaycanın prinsipial mövqedən çıxış edərək soyuqluq yaranmış bir mərhələdə belə, regional sabitliyi və dialoqu üstün tutduğunu göstərir.
Görüş, Bakı-Moskva münasibətlərində yeni bir mərhələnin başlaya biləcəyinə işarədir. İlk növbədə, tərəflər arasında təhlükəsizlik və aviasiya sahəsində birgə əməkdaşlıq, xüsusilə də baş vermiş hadisənin texniki səbəblərinin birgə araşdırılması üçün komissiya yaradılması gündəmə gələ bilər. Bu, həm hadisəyə hüquqi-siyasi qiymətin verilməsi, həm də qarşılıqlı etimadın bərpası üçün zəruridir.
Eyni zamanda nəqliyyat, enerji və sərhəd əməkdaşlığı sahəsində yeni mexanizmlər barədə razılaşmaların da başlaya biləcəyi ehtimal olunur. Xüsusilə Şimal–Cənub nəqliyyat dəhlizi və Xəzər hövzəsi çərçivəsində logistik əməkdaşlıq bu mərhələdə daha aktual ola bilər.
Rusiya üçün isə Azərbaycan regionda sabit və etibarlı tərəfdaşdır. Ermənistanın Qərbə meyillənməsi və KTMT-dəki mövqeyini zəiflətməsi fonunda Moskva üçün Bakı ilə münasibətlərin qorunması strateji məna kəsb edir. Azərbaycan nəqliyyat-kommunikasiya baxımından vacib mövqeyə sahib olmaqla yanaşı, həm də Türkiyə və Qərblə əməkdaşlığını müstəqil şəkildə həyata keçirə bilən regional gücdür. Bu da onu Rusiya üçün əvəzolunmaz tərəfdaşa çevirir.
Prezident İlham Əliyevin bu görüşdə sərgilədiyi siyasi təmkin və uzaqgörənlik, Azərbaycanın suveren və balanslı xarici siyasət kursunun davamı kimi qiymətləndirilir. Görüş həm də göstərdi ki, Azərbaycan qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdan yayınmır, amma milli maraqlarına zidd olan heç bir təzyiqə boyun əymir”.
Siyasi şərhçi sonda əlavə edib ki, bu görüş yeni strateji tərəfdaşlıqdan daha çox, praktik və etimad əsaslı bir normallaşmanın başlanğıcı ola bilər:
“Əgər tərəflər praqmatik yanaşmanı davam etdirsələr, gələcəkdə daha geniş əməkdaşlıq üçün zəmin yarana bilər. Azərbaycan isə bu prosesdə milli maraqlarını əsas götürən və öz xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirən dövlət kimi çıxış edir”.
Mehin Mehmanqızı