Bizi sosial şəbəkələrdən izləyin:
BDU-nun müəllimi “Uzmanlıq sertifikatı” ilə təltif olunub.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi Multimedia və elektron kommunikasiya (RTV) kafedrasının müəllimi, televiziya araşdırmaçısı Arzu İsayeva beynəlxalq seminarda çıxış və iştirak edib.
Türkiyənin Altınbaş Universitetinin təşkilatçısı olduğu “Yeni Nəsil Müəllim Akademiyası – Mədəniyyətlərarası ünsiyyət və ümumbəşəri sinif metodları” mövzusunda konfransa Azərbaycan Politexnik Universiteti ev sahibliyi edib. Tədbirin əsas məqsədi tədrisdə innovativ yanaşmaların tətbiqi, müəllim-tələbə münasibətlərində yeni modellərin araşdırılması və beynəlxalq təhsil standartlarının müzakirəsi olub.
Seminarda Altınbaş Universitetinin Tədris və Öyrənmədə Mükəmməllik Mərkəzinin müdiri, dosent Duygu Kotan-Türkden müasir pedaqoji metodlar, mədəniyyətlərarası kommunikasiya bacarıqları və qlobal sinif idarəetməsi mövzusunda xüsusi təqdimatlar edib.
Tədbirdə BDU-nu təmsil edən Arzu İsayeva silsilə seminarlarda fəal iştirakı və yüksək nəticələri ilə fərqləndiyi üçün “Uzmanlıq sertifikatı” ilə təltif olunub.
Bu beynəlxalq tədbir müəllim və tədqiqatçılar arasında təcrübə mübadiləsini təşviq edir, tədrisdə yeni yanaşmaların tətbiqinə şərait yaradır. Filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva bu seminarda iştirakını “müasir təhsilin qlobal trendlərinə inteqrasiya və pedaqoji təcrübənin zənginləşməsi üçün dəyərli addım” kimi qiymətləndirib.