Oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı və müvafiq sahədə fəaliyyət göstərən təsisatların nümayəndələrinin iştirakı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda növbəti beynəlxalq konfrans keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatında qeyd olunub.
Öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti oxunub, daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxış edib.
Xidmət rəisi itkin düşmüş şəxslərlə bağlı artıq üçüncü ildir təşkil olunan beynəlxalq tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib, Prezident İlham Əliyevə konfransın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək, itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyini qeyd edib.
Hazırda Dövlət Komissiyasında 3990 nəfərin itkin şəxs kimi qeydiyyata alındığını, bu vaxtadək işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının müəyyən olunaraq ekshumasiya edildiyini vurğulayan DTX rəisi Əli Nağıyev itkin düşmüş şəxslərdən artıq 187 nəfərinin şəxsiyyətinin eyniləşdirilərək ailələrinə təhvil verildiyini, habelə axtarış-qazıntı işləri nəticəsində Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində növbəti kütləvi məzarlığın aşkarlandığını diqqətə çatdırıb.
Dövlət Komissiyasının sədri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin 9-cu maddəsinin itkin şəxslərin taleyinin müəyyən edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini nəzərdə tutduğunu, Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında son vaxtlarda mütəmadi əsasda davam edən təmasların, həmçinin müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsinin bu işə töhfə vərəcəyinə ümidvar olduğunu deyib.
Sonra konfransın mövzusu ilə bağlı digər iştirakçılar çıxış edib və panel sessiyalar olub, Dövlət Komissiyası ilə Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.
09:45
Moderator.az xəbər verir ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı Dövlət Komissiyasının təşəbbüsü ilə təşkil olunub.
Konfransda Dövlət Komissiyasının sədri Əli Nağıyev, İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger, Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti Giorgio Battisti, həmçinin Gürcüstan, Xorvatiya, Türkiyə, Moldova və digər ölkələrin nümayəndələri iştirak edirlər.