Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşdü
Cəmiyyət
244
15:17, Bu gün

Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, görüşdə Ombudsman Səbinə Əliyeva Azərbaycan və Ukrayna arasında bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin, dostluq münasibətlərinin mövcud olduğunu bildirib.
 
İki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Tərəflər müharibə şəraitində humanitar məsələlər, mülki əhalinin, o cümlədən qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.
 
Müvəkkil ölkəmizin uzun illər müharibədən əziyyət çəkdiyini, məcburi köçkün və qaçqın probleminin uzun illər Azərbaycanda aktual olduğunu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yüz minlərlə insanın öz dədə-baba yurdundan didərgin salındığını bildirib.
 
Ombudsman İkinci Qarabağ müharibəsi nəticəsində otuzillik işğala son qoyularaq torpaqlarımızın işğaldan azad edildiyini, keçmiş məcburi köçkün soydaşlarımızın hüquqlarının bərpa olunduğunu, onların öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini qeyd edib.
 
Eyni zamanda, qonağa Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyalar, eləcə də həmin missiyaların nəticələrinə əsaslanan hesabatlar barədə məlumat verilib.
 
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets öz növbəsində səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib, Ukraynaya humanitar dəstəyinə və ukraynalı uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür edib.
 
Görüşdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
 
Link kopyalandı!
Son xəbərlər