Kibercinayətlərə qarşı mübarizə - Komputer cinayətkarlığı
Cəmiyyət
483
13:09, Bu gün

Kibercinayətlərə qarşı mübarizə - Komputer cinayətkarlığı

                                               Kibertəhlükəsizlik müasir dövrün səssiz qalxanıdır.
                                              Rəqəmsal dövrdə sirrin açarı qapıda deyil, şifrədədir. 
 
Kibernetika (yun. Επιστήμη συστημάτων) —yunan sözüdür. "İdarəetmə incəsənəti, məharəti və bacarığı" mənasını verir. Kibernetika əks əlaqəyə malik olan sistemlərin idarə olunması, məlumatın ümumi qanunauyğunluqla əldə edilməsi, saxlanılması, habelə informasiyanın mürəkkəb idarəçilik sisteminə yenidən ötürülməsinin təşkili haqqında elmdir.  
 
 Kibernetikanın əsası amerika riyaziyyatçısı Norbert Vinerin (1894-1964) 1948-ci ildə çap edilmiş "Kibernetika" kitabı ilə qoyulmuşdur. Bu elmin orijinallığı sistemin maddi tərkibindən, strukturundan və sistemlərin nəticəsindən ibarətdir. "Qara qutu" anlayışı da ilk dəfə kibernetikada işlənib hazırlanmışdır. “Qara qutu” elə bir informasiyalar mexanizmidir ki, əldə olunan potensialın və bu potensialın strukturunun köməyi ilə müəyyən əməliyyatları həyata keçirmək mümkün olur. Bu elmin köməyi ilə mürəkkəb sistemlərin xarici təsirlərə cavab reaksiyaları, onların həyata keçirdikləri funksiyalar öyrənilir. Kibernetikada sistemlərə substrat (maddi) və struktur yanaşma ilə bərabər, sözün geniş mənasında sistemli yanaşmanın funksional variantından da istifadə olunur. 
 
XVII-XVIII əsrin əvvəlləri – saat əsri, XIII əsrin sonu və XIX əsr – buxar maşını dövrü, hazırki dövrü də əlaqə və idarəetmə dövrü adlandırmaq olar. 
 
Kibernetika terminini Platon, sonra isə A.M.Amper (Böyük Fransız fiziki, riyaziyyatçısı, Paris Akademiyasının üzvü Andre Mari Amper. Elektrik enerjisini fizikaya o gətirmiş, təbiət haqqında maqnetizm (1775-1836) -elektromaqnitin qarşılıqlı hərəkətinin təzahürü hipotezası ona məxsusdur.) işlətmişlər. Amper elmlərin təsnifatını verərkən insan cəmiyyətinin idarə edilməsi haqqında elmi Kibernetika adlandırsa da,çox keçmədən unudulmuşdur. 1948-ci ildə Norbert Viner “Kibernetika” əsərini yazmaqla bu termin yenidən elmə daxil edilmişdir.  
 
Kibernetikanın formalaşmasına XX əsrin 40-cı illərində yaradılmış Hesablayan Elektron Maşının(HEM) həlledici təsiri olmuşdur.  
 
Kibernetikanın elmi-tədqiqat obyekti kibernetik sistemdir. (texniki, bioloji, iqtisadi, sosioloji və s. sistemlər.) Bu bölgü müəyyən mənada şərtidir. Kibernetik sistemin mürəkkəbliyi onun bütün elementlərini xarakterizə edən parametrlərin sayı (sistemin ölçüləri) və həmin elementlər arasındakı əlaqələrin ümumi sayı və müxtəlifliyi (sistemin strukturu) ilə təmin edilir. Belə sistemi öyrənərkən onun elementlərə ayrılmasından və bir çox elementin qrup şəklində birləşərək bir element kimi təsvirindən istifadə edilir.  
 
Kibernetik sistemin elementi anlayışı müəyyən mənada şərti olub, qoyulmuş məqsəddən və sistemin öyrənilmə dəqiqliyindən  asılıdır.  
 
Bu sistem, yaxud onun elementi ümumi halda informasiya çevricisi kimi götürülə bildiyindən obyektlərin kibernetik baxımdan öyrənilməsi, onlarda informasiyanın alınması, ötürülməsi, saxlanması və çevrilməsini öyrənmək deməkdir.  
 
Kibernetika elmi, yaranmamışdan əvvəl idarəetmə prosesləri avtomatik idarəetmə ilə öyrənilirdi. İnformasiyanın avtomatik toplanıb yadda saxlanılması və keçmiş təcrübənin nəticəsi kimi istifadəsi mümkün olmadığından, yalnız sadə obyektlər və idarəetmə sistemləri tədqiq edilirdi. HEM vasitəsilə bu məsələ tam həllini tapdı və kibernetik idarə sistemi yaradıldı. Bu sistem informasiayanın toplanıb yadda saxlanması, avtomatik təhlili və alınan nəticəyə görə prosesi məqsədəuyğun idarəetmə imkanları Kibernetikanın ən əsas məsələsinin (insanın zehni əməyinin avtomatlaşdırılması) həllinə imkan yaratdı.  
 
Kibernetik sistemin əsas məsələsi alınan informasiyanın işlənməsi əsasında elə idarəedici təsir siqnalları yaratmaqdan ibarətdir ki, bu zaman müvafiq məqsəd funksiyası ən əlverişli yolda yerinə yetirilir. Bu funksiyanın və sistemin xarakterinə görə müxtəlif idarəetmə sistemləri yaradılır. Ən sadə sistem avtomatik tənzimləmədir. (Proqramla idarəetmə, izləyici sistem, optimal idarəetmə) (1)
 
Azərbaycan Respublikasında kibernetika XX əsrin 50-ci illərindən inkişafa başlamışdır.  Kibernetikanın əsas qanunlarından biri "zəruri rəngaranglik" qanunudur. Bu qanuna görə hər bir sistemin eftektli idarə olunması yalnız o halda mümkün ola bilər ki, idarə edən sistemin rəngarəngliyi, idarə olunan sistemin rəngarəngliyindən geniş olsun. 
 
Öyrənilən obyektlərin geniş dairəsini əsas tutaraq bir sıra müəlliflər kibernetikanı "müasir fəlsəfə", "elmi-texniki inqilab dövrünün fəlsəfəsi" də  adlandırmışlar. Kibernetikanın məzmunu fəlsəfi problemlərlə zəngin olsa da, fəlsəfə deyil. Onun özünəməxsus, lakin təlsəfənin predmetindən (təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi qanunları) daha məhdud və dar olan xüsusi idarəetmə predmeti vardır. Bu problemlərin həlli kibernetikanın hüdudlarını aşaraq fəlsəfi təhlil sahəsinə daxil olur. Bu baxımdan, elmi-dialektik fəlsəfə kibernetikanın dünyagörüşü və metodoloji əsası kimi çıxış edir. 
 
Fəlsəfə ilə kibernetikanın qarşılıqlı əlaqəsi səciyyəvi xarakter daşıyır. Bütövlükdə kibernetikanın nəzəriyyə və idrak üçün əhəmiyyəti aşağıdakı cəhətlər ilə müəyyən olunur: 
 
Fəlsəfi əhəmiyyəti: kibernetika əlaqənin, idarəetmənin, informasiyanın, təşkil olunmanın, əks əlaqənin, məqsədəuyğunluğun və ehtimalın (hipotezanın) roluna əsaslanaraq dünya haqqında, təbiət və cəmiyyət haqqında yeni təsəvvürlər irəli sürür. Bu spesifik, kibernetikaya xas cəhət onun sosial əhəmiyyəti ilə bağlıdır.  
Ümumelmi əhəmiyyəti: Bu cəhətin əhəmiyyəti üç məna ilə yozulur: a) kibernetika -elmin digər sahələrinə mühüm əhəmiyyət kəsb edən ümumelmi anlayışlar (idarəetmə, mürəkkəb dinamik sistem, informasiya və s.) verir; b) elmə yeni tədqiqat metodları (ehtimal metodu, stoxastik metod, EHM-də modelləşdirmə və s.) bəxş edir; v) "siqnal-cavab" funksional yanaşma metodu əsasmda kibernetik sistemlərin tərkibi və strukturu haqqmda sonrakı tədqiqatların gedişində yoxlanıla bilən hipotezləri irəli sürür. Məsələn, texniki sistemlər üçün işlənib hazırlanmış yeni qaydaya görə, sistemdəki xətanı tapmaq üç eyni sistemin vəziyyətini  yoxlamaqdan asılı olur. Onlardan ikisinin işinə görə, üçüncünün səhvləri tapılır. 
Metodoloji əhəmiyyəti: kibernetikanın metodoloji əhəmiyyəti sadə texniki sistemlərin funksiyalaşmasının öyrənilməsi, mürəkkəb sistemlərdə (canlı orqanizmlər, insan təfəkkürü və s.) cərəyan edən proseslərin (həyatın yenidən hasil edilməsi, təhsil və s.) dərk edilməsində istitadə olunur. Bu qəbildən olan kibernetik modellərin müasir elm üçün əhəmiyyəti onunla şərtlənir ki, hazırda mürəkkəb sistemlərdə cərəyan edən proseslərin adekvat təsvirini verən riyazi tənliklər olmadığından, onların daha sadə modelləri ilə kifayətlənmək lazım gəlir. 
Texniki əhəmiyyəti: kibernetikanın texniki əhəmiyyəti mövcud kibernetik prinsiplər əsasında elektron hesablama maşınlarının, robotların və şəxsi kompyuterlərin yaradılması elmi-idrak yolu, eyni zamanda həyat sahələrinin kibenetikləşdirilməsi və informatikləşdirilməsi ilə bağlı olur. 
Beləliklə, kibernetika sahəsində cinayətlər (kibercinayətkarlıq) kibernetika məkanında (fəzasında) kompyuter sistemlərinin və ya kompyuter şəbəkəsinin, habelə kiberməkanına giriş imkanı olan sair vasitələrin köməyi ilə,  kompyuter sistemi və ya kompyuter şəbəkəsi  çərçivəsində kompyuter məlumatların əsasları əleyhinə törədilmiş cinayətlərin məcmusudur. Dünyada baş verən qloballaşma prosesi və informasiya texnologiyalarının qloballaşması şəxsiyyətə və cəmiyyətə (vətəndaş cəmiyyətinə) təsir üçün qeyri məhdud imkanlar açır. İnformasiya texnologiyasının inkişafının neqativ nəticələrindən biri də, bu sahədə əngəl yaradan, qloballaşma prosesinə ciddi neqativ təsir edən yeni növ cinayətlərin inkişafı və yüksək texnologiyalar dairəsinə yönələn cinayətlərin olmasıdır. Prosesual obrazda ifadə etsəm, yeni forma -hərəkət və hərəkətsizlik nəticəsində yeni növ cinayətlərin baş verməsidir. (AR CM-nin 271-273-2 maddələri)
Kibercinayətkarlıq ictimai informasiya mərhələsində aktual və yeni bir cinayət hüquq sahəsidir. Telekommunikasiya texnologiyalarının dünyada sürətlə inkişaf etdiyi qlobal şəbəkə kimi, dövlətin və cəmiyyətin – vətəndaş cəmiyyətinin bütün həyat fəaliyyətinə aid olan sahələri əhatə edir.  
 
Məhz, buna görə də, virtual məkanda meydan tutan qeyd etdiyim cinayətlərin qurbanları təkcə insanlar yox, bütövlükdə dövlət ola bilər. Milyardlarla istifadəçilərin təhlükəsizliyi bir neçə qrup və mütəşəkkil dəstədən asılı olur. Telekommunikasiya texnologiyalarının inkişafı sahəsində surətli internet mühüm rol oynadığından, dünyanın bir sıra ölkələrində bu cinayətlərin sayı artmaqda davam edir, 
Beynəlxalq statistik məlumatlara görə  kibercinayətlərə dair artıq milyonlarla  şikayətlər araşdırılır.  
 
Amma kibercinayətkarlığın subyektlərinin peşəkarlığı da artmaqda davam edir. İnformasiya texnologiyaları sürətlə inkişaf etdikcə (evolyusiyanın nəticəsi olaraq) bu sahədə cinayətlərin də inkişafına şərait yaranır, qloballaşan informasiya şəbəkəsində istifadəçilərin həyatı üçün yeni növ təhdidlər ərsəyə gəlir.  
Elmi və texniki nailiyyətlərdən cinayətkar məqsədlər üçün istifadə edilməsi  problemli məsələdir. Yer kürəsinin bir çox nöqtələrində milyonlarla kompyuter şəbəkəsini birləşdirən internet saytları var, bu şəbəkələrdən istifadəçilərin sayı hələ 2008-ci ilə qədər 1.5 milyard nəfəri ötmüşdü. İnternetə qoşulan kompyuterlərin sayı isə 1 milyarda qədər olması yeni təhlükənin inkişafından xəbər verir. Bu, yer kürəsi əhalisinin ¼  hissəsi deməkdir. 2013-cü ildə bu məkanda istifadəçilərin sayı isə 2.2 milyard nəfəri ötmüşdür. Bu gün isə bu rəqəm dünya üzrə 4,2 milyard internet istifadəçiləri üzərində qərar tutur.Bu, Planetin əhalisinin 7%-dən çoxdur.Bundan başqa 3,4 milyarddan çox insan social şəbəkələrdən istifadə edir …
Kompyuter şəbəkəsinin sürətlə inkişafı və ictimai fəaliyyətin müxtəlif sahələrini əhatə etməsi, bu sahəyə yönələn cinayət qəsdlərinin də formasının dəyişilməsinə təsir edir.  
XX əsrin 60-cı illərində kompyuter şəbəkələrindən əsas hərbi hissələrdə və elmi müəssisələrdə istifadə olunduğu vaxtlarda məxfi məlumatların itirilməsi və həmin şəbəkələrə icazəsiz daxil olmaq təhlükəsi var idi. 1970-ci illərdə isə kompyuter texnologiyaları sahəsində ilk planda iqtisadi sahədə olan cinayətkarlıq problemi qabardı, bank - kompyuter şəbəkələrinin sındırılması, sənaye casusluğu yolu ilə cinayətkarlıq diqqət çəkməyə başladı.  
 
1980-ci illərdə kompyuter proqramlarının qanunsuz yayılması və sındırılması yolu ilə diqqət çəkən cinayətlər geniş yayıldı. 90-cı illərdə isə internetin inkişafı nəticəsində bütöv bir problemin zolaqları aydın görünməyə başladı. Xüsusi məxfi məlumatlara daxil olma yolu ilə cinayətlər, uşaq pornoqrafiyalarının yayılması, ekstremist halların təbliği və s. problemli məsələ kimi narahatlıq doğurdu.  
 
Adətən, təcrübədə “Kibercinayətlər”, “Kompyuter informasiyası sahəsində cinayətkarlıq” kimi işlədilir. Hər iki termin bir-birinə çox yaxın  sinonimdirlər. Zənnimcə kibernetika sahəsində kibercinayətkarlıq ingilis dilində olan cybercrime “kompyuter cinayətkarlığı”ndan daha geniş və cinayət hüquq sahəsinə daha yaxın olduğuna görə, informasiya məkanında(fəzasında) belə əməllərin təbiətini daha dəqiq əks etdirir. Məsələn: Oksfordun geniş lüğətində “cyber” mürəkkəb sözün komponenti kimi müəyyən edilir. Onun əhəmiyyəti informasiya texnologiyalarına, internet şəbəkəsinə aid olan virtual həqiqətdir. Praktik olaraq Kembridc lüğəti də  “Cyber” sözünü yuxarıda ehtiva edilən məna ilə eyniləşdirir, kompyuterə, internet şəbəkəsinə aid olan hadisə kimi müəyyənləşdirir. Lakin Oksford lüğətindən fərqli olaraq, Kembridc lüğəti “cybercrime” sözünü işlədir. “kibercinayəkarlıq” mənasında diqqət çəkir. Beləliklə “Cybercrime”- bu kompyuterlərdən, qlobal şəbəkələrdən, və məlumat texnologiyalardan istifadə etməklə törədilən cinayətkarlıq anlayışını verir. “Computer crime” termini ancaq kompyuter və kompyuter məlumatlarına qarşı törədilən cinayətlərə aid edilir.
 
2005-2008-ci illər ərzində kompyuter şəbəkəsini “zəhərləyən” yeni təhlükələr meydana gəldi. İstifadəçilərin razılığı olmadan şəbəkələrə daxil olmaqla özəl maraqlara uyğun hərəkətlərin həyata keçirilməsi nəticəsində cəmiyyət ciddi təhlükələrlə üz-üzə qaldı.  
 
Qlobal kompyuter şəbəkələrində baş vermiş (verəcək) cinayətlər üçün aşağıdakı cəhətlər xarakterik sayıla bilər:  
 
1. Bu sahəyə aid cinayətlər həddən artıq (tamamilə) qeyri aşkar (gizli) şəraitdə baş verir. (bu infrostrukturun mürəkkəbliyi ilə daha çox bağlıdır). 
2. Şəbəkə cinayətlərinin transsərhəd xarakter daşıması, cinayətkarın, qəsdin yönəldiyi obyektin, zərərçəkmişin başqa dövlətin ərazisində olması;  
3. Cinayətkarların xüsusi hazırlığa, fəaliyyətlərində (hərəkət və hərəkətsizliyində) intellektual üstünlüyə malik olması;  
4. Qeyri standarta və mürəkkəbliyə xas, cinayətlərin törədilməsində hər dəfə yeni üsullardan istifadə edilməsi və  avtomatik rejimdə, yerlərdə birdəfəlik cinayətlərin törədilməsinin mümkünlüyü, ayrı-ayrı kompyuterlərin ehtiyatlarından bəhrələnmə; 
5. Bu, cinayətlərin çoxepizodlu xarakter daşıması, habelə zərərçəkənlərin çoxluğu; 
6. Zərərçəkənlərin onların maraqlarına yönələn cinayətkar qəsdlərdən xəbərsiz olması;  
7. Cinayətlərin distant (distant- kənardan idarə etmə) üsula malik olması, zərərçəkmişlə cinayətkar arasında fiziki kontaktın olmaması; 
8. Bu növ cinayətlərin qarşısını almaqda mövcud texniki və digər vasitələrdən istifadə etməyin çətinliy,qeyri mümkünlüyü.  
Müasir dövrdə “kibercinayətlər”, “kompyuter” cinayətləri kimi də (sinonim olaraq) işlədilir.  
 
Qlobal informasiya məkanı, informasiya meqamühit maddi olmadığından mahiyyətinə görə təcəssüm olduğu qədər də fiziki daşıyıcı deyil. Hazırda informasiya texnologiyalarının inkişafı ilə “kompyuter” anlayışı artıq silinməkdədir (silinib) Məsələn: praktik olaraq bütün mobil telefonlarının internetə daxil olmaq imkanları var. 3G mobil telefonlarının inkişafı HSPDA (4-cü nəslin şəbəkəsi) texnologiyalar üzrə qlobal şəbəkəyə qoşulmağa qadirdir. Və yaxud (3-cü nəslin şəbəkəsi) UMTS surətli internetə qoşulmaq imkanları da yüksəkdir. Yeni texnologiyalar da artıq var… 
 
“Kibercinayətkarlığın”, “kompyuter cinayətkarlığı” terminlərinə bölünməsi yolunda beynəlxalq normalar daha çox, bəlkə də,  birinci terminin istifadəsi üzərində dayanmağı məqsədə müvafiq hesab edir. 2001-ci ildə Avropa Şurası kibercinayətkarlıq haqqında konvensiya qəbul etməklə “computer crim” “cybercrime” terminindən ayrı olaraq istifadəni bir növ imperativləşdirir. Kibercinayətkarlıq kibernetika məkanında baş verən cinayətlər anlayışını verir. Kibercinayətkarlığın mənasını anlamaq üçün ilk növbədə “kiberməkanın” anlayışını təxəyyül etmək lazımdır. Kibercinayətkarlıq haqqında “Model qanun”un müəllifləri, Beynəlxalq elektrik rabitə ittifaqı (2009)  kiberməkanı “fiziki və qeyri fiziki məkan, kompyuterlər, kompyuter sistemləri, şəbəkələr, kompyuter proqramları, məlumatlar, kontent* məlumatlar, ( *Kontent –informasiya resurslarında, videomaterialların görüntüsü, mətnin saytlarda, qəzetlərdə yerləşdirilməsi -kontekst-ingilis sözü, kontent-məzmun- mənasını verir.) məlumatların hərəkəti və istifadəçiləri kimi qəbul edir. Müasir dövrdə BMT-nin eqidası altında kibercinayətkarlığın və bu sahədə olan cinayətlərin dispozisiyasının  cinayət qanunvericiliyində işlədilməsi məqsədə uyğun hesab edilir.                                   
                               
Bir az əvvəl qeyd olunduğu kimi kibercinayətkarlıq – kibernetika məkanında (sahəsində) kompyuter sistemlərinin və ya vasitələrinin, yaxud kompyuter şəbəkəsinin köməyi, habelə, kibernetika məkanına sair vasitələrlə daxil olma, kompyuter sistemi və ya şəbəkəsi çərçivəsində və ya kompyuter sisteminə, kompyuter şəbəkəsinə, kompyuter şəbəkəsinin kompyuter məlumatlarına zidd daxil olma ilə törədilən cinayətlərin məcmusudur.  
 
Bu anlayış BMT ekspertlərinin tövsiyələrinə uyğun hesab edilir. Onların nəzərinə görə kompyuter sistemi və ya şəbəkəsinin köməyi, kompyuter sistemi və ya şəbəkəsi çərçivəsində və yaxud, kompyuter şəbəkəsi və sisteminə zidd baş verən hər cürə cinayətlər kibercinayətkarlığa aiddir. Beləliklə, elektron mühitində baş verən hər cürə cinayətləri kibercinayətkarlığa aid etmək olar.
 
Bu mənada, “kibercinayətkarlıq” termini informasiya texnologiyaları sahəsində olan cinayətlərin bütün spektrini  əhatə edir. Bu cinayətlərin kompyuterlərdən istifadə (onun köməyi ilə) yolu və yaxud, bu cinayətlərin predmetini kompyuterlərin təşkil etməsinin, habelə kompyuterlərdə qorunan məlumat bazasına aid olmasının heç bir fərqi yoxdur. (8)
 
Kompyuter cinayətlərinə isə kompyuterlərin funksiyasının təhlükəsizliyinə, kompyuter şəbəkəsinə və məlumatların istehsalına yönələn qəsdlər aid edilir. Beləliklə, kompyuter cinayətləri kibercinayətlərin müxtəlif növləridir - desək uyğundur. (10)
Kibercinayətlərinin növləri  
 
Kibercinayətlər obyektindən, qəsdin predmetindən və törədilmə üsulundan asılı olaraq növlərə ayrılır: 
 
1. I. Qəsdin obyektinə görə: 
Iqtisadi sahədə kompyuter cinayətləri. Bura aiddir; 
Özəl sahənin toxunulmazlığına və şəxsi hüquqlar əleyhinə olan kompyuter cinayətləri; 
Dövlətin və ictimaiyyətin maraqları əleyhinə olan kompyuter cinayətləri; (11) 
1. II. Kompyuter sisteminin və ya kompyuterlərin istifadə xarakterinə görə kibercinayətlər isə 3 növə ayrılır: 
2. Əməl. Əməl- kompyuter cinayətlərinin predmeti kimi qəbul edilir. (məlumatların oğurluğu, mənimsənilməsi, icazəsiz( sanksiya olmadan) daxil olma, faylların zədələnməsi və ya məhv edilməsi, və s. 
3. Hərəkət. Kompyuterlərdən cinayət aləti kimi istifadə edilməsi (elektron qaydada mənimsəmə, oğurlama)  
4. Cinayət. Kompyuterlər intellektual vasitələrin roluna çevrilir. (məsələn: internetdə pornosaytların, mənəviyyata zidd məlumatların yerləşdirilməsi və s.) 
Kompyuter sahəsində cinayətlərin ən geniş yayılmış üsulu kompyuterlərin və ya kompyuter vasitələrinin, kompyuter şəbəkələrinin və s. halların köməyi ilə kibernetika məkanına daxil olmaqdır. 
 
 
Ardı var…
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər