Azərbaycanın şəhidləri Kahramanmaraşda anılıb
Cəmiyyət
700
18:19, Bu gün

Azərbaycanın şəhidləri Kahramanmaraşda anılıb

Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Kahramanmaraş Sütçü İmam Universitetinin birgə əməkdaşlığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Zəfərə gedən yolun başlanğıc tarixi – 27 sentyabr 2020” adlı konfrans keçirilib.

Dövlət Komitəsindən bildirilib ki, universitetin Yunus Əmrə Konqres Mərkəzinin “Nizami Gəncəvi” salonunda keçirilən konfrans iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Sonra konfrans iştirakçıları Prezident İlham Əliyevin Anım Günü ilə bağlı paylaşdığı videoçarxı, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan, Vətən müharibəsi və Zəfər yolundan bəhs edən videomaterialı izləyiblər.

Tədbirin açılışında çıxış edən natiqlər bu cür tədbirlərin Azərbaycanın tarixi həqiqətlərinin, milli maraqlarının və ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini qeyd ediblər, Qarabağ Zəfərinin regional və qlobal müstəvidə yaratdığı reallıqların təbliğinin vacibliyini vurğulayıblar.

Konfrans panel iclasla davam edib.

Məruzələrdə Vətən müharibəsinin xronikası, tarixi əhəmiyyəti, nəticələri, həmçinin beynəlxalq hüquq və akademik baxış prizmasında Azərbaycanın ədalətli mövqeyi ətraflı izah olunub. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və iradənin tarixi əhəmiyyət daşıdığını xüsusi qeyd ediblər. Çıxışlarda, həmçinin 27 Sentyabr - Anım Gününün xalqımızın qürurlu, şərəfli və unudulmaz tarixi olduğu vurğulanıb, Qarabağ Zəfərinin isə təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün strateji və mənəvi dəyərə malik olduğu diqqətə çatdırılıb.

Konfransın sonunda Azərbaycanın Xalq artisti Samir Cəfərov vətənpərvərlik ruhunu və Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən mahnılar səsləndirib.

 

Link kopyalandı!
Son xəbərlər