HƏMAS Trampın Qəzza planına niyə etiraz edir? - Sensasion açıqlama
Cəmiyyət
436
13:13, Bu gün

HƏMAS Trampın Qəzza planına niyə etiraz edir? - Sensasion açıqlama

ABŞ administrasiyası İsrailin Qəzzadakı müharibəsini dayandırmaq və bölgənin gələcək idarəetmə modelini müəyyənləşdirmək üçün 21 maddəlik sülh planını açıqlayıb. Planın detalları üzə çıxandan sonra HƏMAS tərəfi  “razı deyilik” mesajı verib. Tramp isə bildirib ki, əgər Həmas bu şərtləri qəbul etməsə, ABŞ İsrailin hərbi əməliyyatlarına dəstəyini davam etdirəcək.  
 
HƏMAS kifayət qədər balanslı olan bu təklifi nə üçün qəbul etmək istəmir? HƏMAS-ın əsas hədəfi nədir – siyasi legitimlik qazanmaq, yoxsa bölgədə hərbi-siyasi mövqelərini qorumaq?
Moderator.az-a danışan politoloq Fuad Abbasov deyib ki, HƏMAS Qəzza bölgəsində yeganə legitim siyasi qüvvə olduğunu illərdir təsdiqləməyə çalışır:
 
“Trampın planı kimi bir təşəbbüsün ortaya çıxması ilə  mövqeyindən imtina etmək istəmir. HƏMAS-ın  baxışına görə Tramp bu gün var, sabah yoxdur, amma Fələstinin azadlığı uğrunda mübarizə daimidir və onlar bu mövqeyini itirmək istəmirlər. Bu, ideoloji yanaşmadır. Bununla paralel olaraq regionda HƏMAS-ın maddi maraqları da var. Çünki İsrailin təsiri altında qalmış Fələstinə göndərilən yardımların böyük bir hissəsi HƏMAS-a çatırdı və mübarizəsindən vaz keçsə, bu yardımları ala bilməyəcək; nəticədə maddi dəstək kəsildikdə zəifləyəcək və ya məhv ola bilər.
Digər tərəfdən, bölgə dövlətləri — İran, Türkiyə, ərəb ölkələri —öz xeyirlərinə uyğun mövqe tuturlar və onların mənafeləri Amerikanın mövqeyi ilə üst-üstə düşmür. Çünki İranın, Türkiyənin, Səudiyyə Ərəbistanının fərqli planları var.  Onlar kağız üzərində Trampa razılıq versələr də, faktiki olaraq Amerikanın dediklərini qəbul etməyə məcbur olmadıqlarını HƏMAS-a bildirirlər. Nəticə etibarilə, bu gün HƏMAS Qəzza bölgəsində mövqeyini itirsə, bu onun tarixdən birdəfəlik silinməsinə və illərlə apardığı mübarizənin sonuna gətirib çıxara bilər. HƏMAS bunu yaxşı başa düşür, ona görə də Amerikanın təklif etdiyi planları qəbul etmək istəmir.
Amma ola bilər ki, kağız üzərində bu planları qəbul edib faktiki mübarizəsini davam etdirsin — bu isə HƏMASa-a  gələn maddi dəstəyin davamından asılıdır. Əgər maddi dəstək davam edəcəksə, HƏMAS fəaliyyətlərini eyni şəkildə davam etdirə bilər. Yenə də bu, Trampın mövqeyindən asılıdır: Ağ ev rəhbəri  bölgə dövlətlərinə təsir göstərərək HƏMAS-ın tamamilə məhv edilməsinə nail olarsa, hərbi qruplaşma məcburən bölgəni tərk etməli olacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər