1 Oktyabr – Azərbaycan Prokurorlarının Peşə Bayramı və Prokurorluğun 107 İlliyi
Cəmiyyət
240
09:13, Bu gün

1 Oktyabr – Azərbaycan Prokurorlarının Peşə Bayramı və Prokurorluğun 107 İlliyi

Azərbaycan Prokurorluğu dövlətin hüquq mühafizə sistemində ədalətin, qanunçuluğun və hüququn aliliyinin təminatçısı kimi əvəzsiz rol oynayır. 1 oktyabr tarixi — Prokurorluq işçilərinin Peşə Bayramı günü həm də bu institutun yaranmasının 107-ci ildönümü ilə üst-üstə düşür. Bu əlamətdar tarix, Azərbaycan dövlətçiliyinin hüquqi ənənələrinin davamlılığını və müasir dövlət quruculuğundakı nailiyyətləri özündə birləşdirir.
 
Prokurorluq orqanları tarix boyu cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun qorunmasında, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində mühüm xidmətlər göstərmişdir. Müasir dövrdə bu institut dövlətin hüquqi siyasətində aparıcı mövqeyini qoruyaraq fəaliyyətini daha da genişləndirmişdir. Qanunvericiliyin, xüsusilə cinayət-prosessual hüququn təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, elektron istintaq və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, elmi əsaslara söykənən yeni yanaşmalar prokurorluğun bu günkü fəaliyyətini xarakterizə edən əsas cəhətlərdir.
 
Son illərdə prokurorluq sistemində şəffaflıq və peşəkarlıq üzərində qurulan kadr siyasəti həyata keçirilmiş, yeni nəsil hüquqşünasların prokurorluq orqanlarına qəbulunda ədalətli və obyektiv mexanizmlər tətbiq olunmuşdur. Müxtəlif bölgələrdə yeni prokurorların təyin olunması, gənc hüquqşünasların irəli çəkilməsi və qadınların prokurorluqda daha geniş təmsil olunması bu sahədə həyata keçirilən uğurlu islahatların göstəricisidir.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra da prokurorluq işçiləri üzərlərinə düşən ağır və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirmişlər. Hərbi cinayətlərin araşdırılması, beynəlxalq hüquqa uyğun hüquqi sənədləşmələrin aparılması, azad edilmiş ərazilərdə hüquqi nəzarətin bərpası və vətəndaşların hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu gün də Qarabağda dövlətin quruculuq və bərpa siyasətinə uyğun olaraq prokurorluq orqanları həmin ərazilərdə hüquqi nizamın təmin olunmasında xüsusi rol oynayır.
 
Azərbaycan prokurorluğunun son illərdəki uğurları və nailiyyətləri Baş Prokuror Kəmran Əliyevin rəhbərliyi ilə daha da güclənmişdir. Onun fəaliyyəti nəticəsində beynəlxalq əməkdaşlıq əlaqələri möhkəmlənmiş, Azərbaycan prokurorluğu nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunmağa başlamışdır. Kəmran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti, Avropa Şurasının korrupsiyaya qarşı GRECO qrupunda nümayəndə heyətinin üzvü, həmçinin OECD Antikorrupsiya Şəbəkəsinin Milli Koordinatoru kimi beynəlxalq vəzifələrdə ölkəmizi ləyaqətlə təmsil edir. Onun rəhbərliyi ilə Azərbaycan prokurorluğu BMT və digər beynəlxalq qurumların tədbirlərində fəal iştirak edir, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar gücləndirilir.
 
Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində yeni idarə və bölmələr yaradılaraq fəaliyyət istiqamətləri genişləndirilmiş, prokurorluq orqanlarının fəaliyyətində şəffaflıq daha da artırılmışdır. Elektron istintaq sisteminin tətbiqi, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması və Elmi-Məsləhət Şurasının fəaliyyəti prokurorluğun müasir idarəetmə modelinə keçidini təmin etmişdir.
 
107 illik tarixi ilə Azərbaycan Prokurorluğu bu gün dövlətin hüquqi dayaqlarından biri olaraq, qanunun aliliyinin qorunması, vətəndaşların hüquqlarının müdafiəsi və ədalətin bərqərar olunması missiyasını şərəflə davam etdirir. Baş Prokuror Kəmran Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və şəffaf idarəetmə siyasəti bu qurumun nüfuzunu həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha da artırmışdır.
 
Bu əlamətdar gündə bütün prokurorluq əməkdaşlarını təbrik edir, onlara dövlətçiliyimizin möhkəmlənməsi, qanunun aliliyinin təmin olunması və ədalətin keşiyində durmaq kimi şərəfli missiyalarında yeni-yeni uğurlar arzulayırıq.
 
Həsənova İlhamə,
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü
Link kopyalandı!
Son xəbərlər