Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti ilə bağlı monitorinq aparıblar.
Monitorinqin nəticəsində müəyyən olunub ki, yeni qaydalar sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.
Moderator.az xəbər verir ki, hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Teleqraf-a açıqlamasında bildirib ki, bu yanaşma qiymətlərin müəyyən edilməsində inhisarçılıq elementlərinin nəticəsidir:
“Dünyanın heç bir yerində belə hal yoxdur. Əvvəllər xarici ölkələrdə də, bizdə də hava limanı, dəmiryolu və ya dəniz vağzallarında taksilər daha baha xidmət göstərirdi. Ancaq son 10–15 ildə dünyanın əksər ölkələrində bu qayda ləğv olunub. İndi taksi taksidir, sadəcə komfort, biznes, ekonom kimi siniflərə bölünür və hər bir sinif daxilində vahid qiymət tətbiq olunur.
Əsl rəqabət mühiti, sərbəst iqtisadi fəaliyyət və sağlam bazar münasibətləri də bunu tələb edir. Məsələn, Türkiyədə hava limanında taksiyə minsəniz də, şəhərin digər hissəsindən sifariş versəniz də, məsafəyə görə hesablanan gedişhaqqı eyni qaydada tətbiq olunur”.
Hüquqşünasın sözlərinə görə, vəziyyət əcnəbilər üçün utanc doğurur: “Təsəvvür edin, indiki hava limanından Nərimanov metrosuna 35 manata gəlmək olur. Halbuki Nərimanovdan Sumqayıta sifariş taksi etdikdə məsafə daha çoxdur, tıxac ehtimalı yüksəkdir, amma qiymət cəmi 15 manatdır. Bu, anormal yanaşmadır. Mənim fikrimcə, hansısa bazar iştirakçısı özünə daha əlverişli mövqe yaratmağa çalışır. Bu isə Rəqabət Məcəlləsinin tələblərinin pozulmasıdır. Araşdırılmalıdır ki, belə bir qərar kimin diqtəsi ilə qəbul olunub".
Ə.Hüseynov Ombudsmanın mövqeyini haqlı sayıb: “Ombudsman ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumdur. Taksi xidməti göstərən və onlardan istifadə edənlərin hüquqları qorunmalıdır. Ombusmanın mövqeyi bazar subyektlərinə təsir edə bilər. Həmçinin ictimai rəyin ifadə üsullarından biridir.
Bu, təkcə sərnişinlərin deyil, həm də digər taksi şirkətlərinin hüquqlarına təsir edir. Belə yanaşma rəqabət mühitini zədələyir.
Bakı hava limanından uçan reyslərin 80 faizi Azərbaycan vətəndaşlarını daşıyır. Hindistan və ərəb ölkələrindən gələn sərnişinlərin də çoxu azərbaycanlılardır. Avropa və Amerikadan gələnlərin 90 faizdən çoxu öz vətəndaşlarımızdır”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Ombudsman Aparatının monitorinqinə münasibət bildirib. Qurumdan verilən məlumata görə, hazırda qiymətlər fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır: “Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur”.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də Teleqraf-ın sorğusuna cavab verib.
Qurumdan bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətləri ilə bağlı yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə görüşlər keçirilib:
“Görüşlər zamanı müzakirə edilmiş məsələlərlə əlaqədar olaraq hazırda rəqabət qanunvericiliyinin tələbləri çərçivəsində taksi xidmətlərinin göstərilməsi zamanı yaranmış vəziyyətin bütün hüquqi və iqtisadi tərəfləri ilə bağlı təhlillər davam etdirilir. Məsələ ilə bağlı rəqabət orqanının apardığı təhlillər bazar subyektləri davranışlarının rəqabət qanunvericiliyi prizmasından dəyərləndirilməsi və istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınmasına yönəlib”.