Bizi sosial şəbəkələrdən izləyin:
“Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə ayın 17-də Xankəndində musiqi festivalı keçirildi. Bu azad Xankəndində keçirilən ilk musiqi festivalı idi. Sentyabr ayının 18-də isə Şuşada Üzeyir Hacıbəylinin ev muzeyində tədbir keçirdik. Mən, Polad Bülbüloğlu və s. sənətkarlar orada çıxış etdik. Tələbələrdən ibarət simfonik orkestr Şuşada konsert verdi. Bu bizim çoxdankı arzumuz idi”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli deyib. O daha sonra klassik musiqinin təbliğatının zəif olduğunu bildirib:
“Musiqimizin təbliğatı məsələsində biz daha da aktiv olmalıyıq. Vaxtilə professorumuz Zəhra Quliyeva musiqimiz, bəstəkarlarımız haqda çox gözəl veriliş aparırdı. Təbliğat məsələsində biz pis musiqiyə uduzuruq. O musiqi çox aqressivdir. Hər yerdə siz onu eşidirsiz. Avtobusda, bulvarda, küçələrdə. Siz axı klassik musiqini eşitmirsiz. Vaxtilə Tofiq Quliyevin mahnılarını bütün Bakı oxuyurdu, indi belə şey yoxdur. Avropada mən Fidan və Xuraman xanımla Azərbaycan romansları ifa edəndə onlar təəccüblü gəlirdi. Bütün dünya Azərbaycan musiqisinə heyrandır. Biz bununla fəxr etməliyik. Sənət, mədəniyyət, musiqi böyük bir silahdır. Biz müharibədə qalib gəlmişik, indi başqa bir müharibə gedir. Təbliğat müharibəsi. Bizim qonşularımız çox aktivdirlər, dayanan deyillər. Görün nə qədər festivallar, musiqi bayramları keçirirlər. Musiqinin əsas təbliğatı telekanal və radiolarda olmalıdır. Gənclərə bu sənəti çox rahat formada təbliğ etmək lazımdır. Heç kimi tənqid və təhqir etmək lazım deyil. Vaxtilə toylarda muğam ifa edilirdi. İndi toyda muğam ifa edəndə o dəqiqə deyəcəklər ki, “əşşi yığışdır bunu”. Vaxtilə zövq elə bir səviyyədə idi ki, toylarda muğama qulaq asırdılar. Bu gün ancaq gurultulu musiqi ifa edirlər. Bəzən deyirəm ki, 10 dəqiqə fasilə edin. Belə olmaz. 2 saat dayanmadan aqressiv musiqi ifa edirlər” deyə sənətkar bildirib.
Fərhad Bədəlbəyli milli musiqimizə daim töhfələr verən dahi Üzeyir Hacıbəylini də yad etdi:
“Üzeyir bəy bəstəkar olmaqla yanaşı həm də dahi bir şəxsiyyət, gözəl bir insan idi. O Fikrət Əmirov Bakıya gələndə ona da kömək edib, nə mənzili var idi, nə bir şey. Səid Rüstəmova, Əşrəf Abbasova da köməklik edib. Böyük bəstəkar ola bilərsən, amma insan kimi heç kimə köməyin dəyməyə bilər, eqoist ola bilərsən. İnsanlar var ki, ancaq özünü fikirləşir. Üzeyir bəy belə deyildi, o görürdü ki, harada istedad var, o saat bütün qapıları onun üçün açırdı. Üzeyir bəy həm də çox böyük bir maarifçi idi” deyə professor bildirib.