Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-də tanınmış mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsddə ittiham olunan şəxsə güllələnmə cəzası verilə bilər.
Bu barədə ölkənin baş prokuroru Pamela Co Bondi "Fox News" telekanalına açıqlama verib.
Gözlənilir ki, şübhəli bu gün və ya sonrakı günlərdə birinci dərəcəli qətldə ittiham olunacaq, lakin həftə bitmədən bu proses tamamlanacaq. Yuta ştatının qanunlarına görə, onun törətdiyi cinayət ölüm hökmü ilə nəticələnə bilər.
"Qubernatorun da qeyd etdiyi kimi, onlar ölüm hökmü tələb edəcəklər. Bu, Yutada tamamilə realdır. Çünki ştatda hələ də güllələnmə əmrləri mövcuddur", - deyə Bondi bildirib.
Məsələ ilə bağlı ABŞ Federal Təhqiqat Bürosunun direktoru Kaşyap Patel də danışıb. O bildirib ki, şübhəli şəxs yazışmalarında əməlini etiraf edib, həmçinin onun DNT-si hadisə yerində tapılan silahda aşkarlanıb.
Xatırladaq ki, sentyabrın 10-da Kirk Yuta ştatındakı universitet kampusunda çıxış edərkən ona təxminən 800 metr məsafədən atəş açılmışdı. Güllə boynuna dəymiş, o isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.
Hadisədən bir neçə gün sonra hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən 22 yaşlı tələbə Tayler Robinsonu saxlayıb. Onu polis vəzifəsində 27 il çalışmış atası hüquq mühafizəçilərinə təhvil verib. İstintaqın ilkin nəticələrinə görə, Robinsonun Kirkə qarşı əsas motivi onun siyasi baxışlarına nifrət etməsi olub. Lakin şübhəli ittihamları qəbul etmir. /Oxu.az/